Have a Question?
Oliqopoliya – bazarın növlərindən biridir, bir neçə dominant şirkətin (satıcının) fəaliyyəti ilə xarakterizə olunur. Dominant şirkətlər bazardakı qiymətlərə və istehlakçı davranışına təsir göstərirlər. Bundan başqa, oliqopoliyada dominant şirkətlərlə müqayisədə daha kiçik olan satıcılar da fəaliyyət göstərə bilərlər. Adətən onların fəaliyyəti oliqopolistlərə yönümlü olur.
Oliqopoliyanın formalarından biri duopoliyadır – bazarda iki dominant şirkətin (satıcının) fəaliyyətini nəzərdə tutur.
Sərnişin təyyarələrinin istehsalı bazarı buna misal ola bilər. Burada əsas iki şirkət dominantlıq edir – Boeing və Airbus. Oliqopoliyaya misal olaraq fərdi kompüter üçün prosessorların istehsalı (Intel və AMD), audit biznesi (PWC, KPMG, Deloitte Touche Tohmatsu və Ernst & Young), reytinq agentlikləri (Standard & Poor’s, Moody’s və Fitch Ratings), media (13 ən böyük korporasiya) və s. göstərmək olar.
Oliqopolist bazarın əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada iştirakçılar arasındakı qarşılıqlı asılılıq çox yüksək səviyyədə olur: şirkətlərdən birinin nəzarətində olan bazar payının kəskin artması digər müəssisələrin səhmlərinin kəskin düşməsinə səbəb olur. Buna görə də, oliqopolist bazarlarda sabitliyi qorumaq və bütün iştirakçıların gəlirliliyini artırmaq məqsədilə çox vaxt açıq və ya gizli sövdələşmələr, alyanslar və razılaşmalar bağlanır.
İqtisadçılar oliqopolist bazarların fəaliyyətini izah edən bir neçə model işləyib hazırlayıblar. Bunlara Ştakelberg, Kurno, Bertran və Gutenberg modelləri aid olunur.