Have a Question?
İki cür məzənnə bir-birindən fərqləndirilir: 1) nominal valyuta məzənnəsi və 2) real valyuta məzənnəsi.
İstənilən bir ölkənin valyutasının digər bir ölkənin valyutasına dəyişdirilə bilən məzənnəyə nominal valyuta məzənnəsi deyilir. Məsələn, siz öz manatınızı dollara dəyişmək məqsədi ilə valyuta mübadilə məntəqələrinə getsəz, 1 manat-0,964 dollar məzənnəsini görəcəksiz. Bu o deməkdir ki, siz bir manat verdikdə əvəzində sizə 96 sent verəcəklər və yaxud əksinə. Biz burda valyuta mübadilə mənətəqələrindəki fərqi nəzərə almırıq, bu marj həmin məntəqələrin gəlirini təşkil edir.
Biz yuxarıda manatı verib əvəzində dollar aldığımızı qeyd etdik, amma əksi də ola bilər. Yəni, siz dollarınızı manata çevirə bilərsiz. Əgər 1 manat-0,964 dollardırsa, onda 1 dollar 1/0,964=1,04 manat olacaq.
Müxtəlif zaman kəsiklərində valyuta məzənnələri sabit deyil. Yəni, əgər bir il öncə 1 dollar 0,78 manat təşkil etdiyi halda, artıq 1 dollar 1,04 manata yüksəlmişdir. Bu isə o deməkdir ki, manat dollara qarşı dəyər itirib və ya əksinə dollar manat qarşısında dəyər qazanıb.
Real valyuta məzənnəsi dedikdə hər hansı bir şəxsin bir ölkənin əmtəə və xidmətlərini digər ölkənin əmtəə və xidmətlərinə dəyişə biləcəyi məzənnədir.
Real valyuta məzənnəsi=(nominal valyuta məzənnəsi*yerli qiymət)/xarici qiymət.
Məsələn, 1 ton Azərbaycan taxılı 100 manata, 1 ton Rusiya taxılı isə 13 400 rubla satılır. Nominal valyuta məzənnəsinin 1000 rubl üçün 15 manat (1 manat 67 rubl) olduğunu qəbul edək:
Real valyuta məzənnəsi=(1 manat 67 rus rublu*1 tonu 100 manat olan Azərbaycan taxılı)/1 tonu 13 400 rubl olan Rusiya taxılı. Hesablamaları yerinə yetirsək, real valyuta məzənnəsinin 1 ton Azərbaycan taxılı üçün 1/2 Rusiya taxılı qədər olduğunu görərik.
Real valyuta məzənnəsi ölkələrin idxal və ixrac həcmini müəyyən edən əsas göstəricidir. Əgər real valyuta məzənnəsi azalarsa, onda bu yerli məhsulların xarici məhsullarla müqayisədə daha ucuz olmasına gətirib çıxaracaq və əksinə.
Ölkənin valyutasının məzənnəsini xarici valyuta mübadilə bazarında tarazlaşdıran tələb və təklif qiyməti hansıdır?
Cavab, real valyuta məzənnəsidir. Real valyuta məzənnəsi xalis ixracatı müəyyən edən əsas amildir. Belə ki, real valyuta məzənnəsinin qalxması xarici valyuta mübadilə bazarında tələb olunan manatın həcmini azaldır. Xarici valyutaya dəyişdiriləcək manatın təklifi isə xalis kapital axınından asılıdır. Qeyd etmək lazımdır ki, xalis kapital axını real valyuta məzənnəsindən asılı deyil. Manata tələb isə xarici ixracatdan irəli gəlir.
Əgər real valyuta məzənnəsi tarazlıq səviyyəsindən aşağı olarsa, manatın təklif həcmi tələb həcmindən az olar. Nəticədə manatın qıtlığı manatın dəyərini qaldırar. Yox əgər real valyuta məzənnəsi tarazlıq səviyyəsindən yüksək olarsa, manatın təklif həcmi tələb həcmindən çox olar və izafi manat səbəbindən manatın dəyəri düşər.
İki bazarda birgə tarazlıq
Xarici valyuta bazarı borc kapitalı bazarı ilə əlaqəlidir. Belə ki, borc kapitalı bazarında təklif milli əmanətlərdən, tələb isə yerli investisiya və xalis kapital axınından irəli gəlir və real faiz dərəcəsi tələb və təklifi tarazlaşdırır. Xarici valyuta mübadilə bazarında isə təklif xalis kapital axınından, tələb isə xalis ixracatdan irəli gəlir və real valyuta məzənnəsi tələb və təklifi tarazlaşdırır.
Borc kapitalı bazarında real faiz dərəcəsinin artması nəticəsində xalis kapital axını azalır. Azalan xalis kapital axını isə manatın təklifini azaldır ki, real valyuta məzənnəsinin qalxmasına səbəb olur və manat dəyər qazanır.