Have a Question?
Təşkilat haqqında ümumi məlumat. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Hazırda təşkilatın Baş Katibi Çjan Mindir.
Üzv dövlətlər. Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistandır. Əfqanıstan, İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka “dialoq üzrə tərəfdaş”dır.
Məqsədləri. ŞƏT-in məqsədləri iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.
Azərbaycan ilə əməkdaşlıq. 10 iyul 2015-ci il tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. İyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində prezident cənab İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir. Bununla bağlı, sözügedən statusun verilməsinə dair Memorandum layihəsi Azərbaycan Respublikasına təqdim edilmişdir.
16 sentyabr 2015-ci il tarixində Çinin Sian şəhərində ŞƏT xarici ticarət və xarici iqtisadi əlaqələr üzrə məsul nazirlərinin 14-cü toplantısında iqtisadiyyat nazirinin müavini iştirak etmişdir.
14 mart 2016-cı il tarixində Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum” imzalanmışdır.
Hazırda ŞƏT-in Bank Birliyi ilə əməkdaşlığın qurulması üzrə işlər görülməkdədir. 2005-ci ildə yaradılmış bu strukturun əsas məqsədi ŞƏT üzv dövlətləri tərəfindən dəstək verilmiş layihələrin maliyyələşdirilmə mexanizminin təşkil olunmasıdır. Bu məqsədlə ŞƏT məkanında aparıcı iqtisadi qurumlar ilə əməkdaşlıq, investisiya layihələrin maliyyələşdirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı və digər istiqamətlər müəyyənləşdirilib.
23 iyun 2021-ci il tarixində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən ŞƏT-in İqtisadi Forumunda iqtisadiyyat nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.