Sığorta brokeri – müvafiq lisenziyaya malik olan və sığorta (təkrarsığorta) müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün sığortalıya (təkrarsığortalıya) vasitəçilik xidməti göstərən şəxs.
Misal: Şəxs öz mənzilini sığorta etdirmək istəyir və bunun üçün sığorta şirkəti (sığortaçı) seçməkdə çətinlik çəkir. O, mütəxəssisə müraciət edir və hansı şərtlərlə sığorta təminatı axtardığını ona bildirir. Sığorta müqaviləsinin bağlanacağı halda müvafiq haqq (komisyon muzd) alacaq həmin mütəxəssis şəxsin şərtlərinə cavab verən sığortaçını tapmaq üçün araşdırma aparır və məqbul hesab etdiyi sığorta şirkəti ilə şəxsin adından danışıqlar aparır. Şəxslə sığortaçı arasında sığorta müqaviləsi bağlandıqdan sonra da həmin mütəxəssis şəxslə daima əlaqə saxlayır. Sığorta hadisəsinin (mənzildə yanğın və s.) baş verməsindən sonra şəxs zərərin əvəzinin ödənilməsi üçün sığorta ödənişini sığortaçıdan həm həmin mütəxəssisin vasitəsiçiliyi ilə, həm də birbaşa tələb edə bilər. Sığorta nəzarəti orqanının verdiyi lisenziya əsasında bu cür vasitəçilik fəaliyyətini göstərən mütəxəssis sığorta brokeridir. Sığorta brokeri təkcə fiziki şəxs olan mütəxəssis kimi deyil, həm də hüquqi şəxs kimi də fəaliyyət göstərə bilər. Bu zaman hüquqi şəxs olan sığorta brokerinin ən azı bir əsas işçisi, adətən rəhbəri fiziki şəxs kimi sığorta brokeri lisenziyasına malik olur.
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad
«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 82.3: Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir. maddə 83.1: Azərbaycan Respublikasında … sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün sığorta nəzarəti orqanından müvafiq lisenziya alınmalıdır. maddə 88.2: Sığorta müqaviləsinin bağlanmasında vasitəçilik və ya məsləhət xidməti göstərmiş sığorta brokerinin həmin müqavilə üzrə risklərin təkrarsığortalanması zamanı vasitəçilik və ya məsləhət xidmətinə cəlb edilməsi qadağandır. Bu tələbə riayət etməməyə görə həm sığorta brokeri, həm də müvafiq sığortaçı məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
maddə 937.3: Sığorta brokeri sığortalını (təkrarsığortalını) sığortaçı (təkrarsığortaçı) ilə münasibətlərdə təmsil etməklə aşağıdakı sığorta əməliyyatlarında vasitəçilik edə bilər:
sığorta (təkrarsığorta) müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması;
sığorta (təkrarsığorta) müqavilələrinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması;
sığorta (təkrarsığorta) müqavilələrinin həyata keçirilməsi, o cümlədən sığorta (təkrarsığorta) tələbləri və sığorta ödənişləri üzrə sövdələşmələrin aparılması və (və ya) məsləhətlərin verilməsi.
Beynəlxalq təcrübədən nümunə
Malayziya Federasiyasının Sığorta Aktı – 1996-cı il,
I hissə, 2-ci maddə: “Sığorta brokeri”(eng.-insurance broker) dedikdə təkrarsığorta brokerliyi də daxil olmaqla sığorta brokeri fəaliyyətini həyata keçirən müstəqil müqavilə tərəfi olan şəxs başa düşülür. “Sığorta brokeri fəaliyyəti” dedikdə, özündən başqa digər sığortalılar üçün sığortaçı ilə sığorta müqaviləsi üzrə sövdələşmə, danışıqlar, imzalanmanın təmin edilməsi və ya sığorta müqaviləsinin yenilənməsi və davam etdirilməsi üzrə vasitəçilik başa düşülür və təkrarsığorta fəaliyyətini də əhatə edir.
XIV hissə, 185-ci maddə: Müəyyən riskin sığorta etdirilməsi üçün sığortalının adından çıxış edən heç bir lisenziyalı sığorta brokeri həmin riskin təkrarsığorta etdirilməsi üçün təkrarsığorta brokeri kimi çıxış etməsi, bununla bağlı lisenziyalı sığortaçının yazılı xahişi olması və bu faktın sığortalıya açıqlandığı hallar istisna olmaqla, qadağandır.
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının “Sığortanın Əsas Prinsipləri və metodologiyası” (oktyabr 2003), sığortanın 24-cü əsas prinsipi, vacib meyarlar, a. bəndi
Nəzarət orqanı sığorta vasitəçilərinin lisenziyalaşdırılmasını və ya qeydiyyata alınmasını tələb edir.
Səudiyyə Ərəbistanı Krallığının 2003-cü il 31 iyul tarixli “Korporativ Sığorta Şirkətlərinə nəzarət haqqında” Qanunu, maddə 3, bənd 2:
Sığorta şirkətləri sığorta brokerinin, təkrarsığorta şirkəti isə təkrarsığorta brokerinin birbaşa səhmdarı (iştirakçısı) ola bilməz.
Belarus Respublikasının 2000-ci il 28 sentyabr tarixli “Belarus Respublikasında sığorta fəaliyyəti üzrə Qaydalar”ı, bənd 37:
Sığorta brokeri – Maliyyə Nazirliyindən sığorta fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) aldıqda sonra sığorta təşkilatının və ya sığortalının, yaxud onların hər ikisinin eyni zamanda verdiyi tapşırıq əsasında öz adından sığorta üzrə vasitəçilik fəaliyyətini həyata keçirən kommersiya təşkilatı və ya fərdi sahibkar.