9 C
Baku
Wednesday, November 6, 2024

Sizə səhv tibbi xidmət göstərilən zaman nə etməlisiniz və ya nə edə bilərsiniz?

0

Have a Question?

Aktual məsələlərdən biri də tibbi xidmətlərin  göstərilməsi zamanı  vətəndaşların həyat və sağlamlığına dəyən zərərin kimlər tərəfindən ödənilməsidir. Praktikada bu məsələ çox zaman çətinliklər yaradır. Çünki burada məsuliyyətin kimə aid edilməsi, təqsirin olub-olmaması, vurulan zərərin ödənilməsi və s. kimi məsələlər bəzən düzgün araşdırılması vacibdir.

Qanun bu məsələni necə tənzimləyir? 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Yəni,  tibbi müəssisəsi orada işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Əgər klinikada çalışan həkim hər hansı səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, klinika bunun üçün məsuliyyət daşıyır.  Klinika, öz növbəsində, həkimdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər (hüquq dilində bu “reqres hüququ” adlanır).

Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

Xəstəyə tibbi müdaxilədən əvvəl tibb müdaxilənin özü, riskləri və s. barədə öncədən məlumat verilməli, onun bu barədə razılığı alınmalı və bu hallar tərəflərin imzaladığı sənədlərlə rəsmiləşdirilməlidir.

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir.

Bununla bağlı şikayət kimə ünvanlanmalıdır?

1.Şəxsin sağlamlığına  zərər dəydikdə

Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Belə halla qarşılaşan vətəndaş ilk növbədə tibb müəssisəsinə, daha sonra müəssisənin tabe olduğu quruma (Əlaqə üçün: Səhiyyə Nazirliyi: 9103, TƏBİB: 1542) və sonda isə məhkəməyə  müraciət edə bilər. Yəni tibb müəssisəsinin və müəssisənin tabe olduğu qurumun cavabı vətəndaşı qane etməzsə, vətəndaş  “tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. İşin mahiyyətindən asılı olaraq növbəti addımlar atılır. Yəni, vətəndaşın həyat və sağlamlığına zərər vuran həkimin əməlində cinayət tərkibi varsa, ona qarşı cinayət işi açılır. Əməldə cinayət tərkibi olmadıqda isə məsələ mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll oluna bilər.

Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.

  1. Şəxs vəfat etdikdə

Vətəndaşlara tibbi xidmətlərin göstərilməsi zamanı şəxs vəfat edərsə, bu zaman hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır.

Bəs vətəndaşın həyat və sağlamlığına vurulmuş zərərin ödənilməsi ilə bağlı hər hansı bir iddia müddəti varmı?

Həmçinin bunu da qeyd edək ki, fiziki şəxsin həyat və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblərə iddia müddəti şamil olunmur. Yəni vətəndaş ona tibbi xidmətlərin göstərilməsi zamanı sağlamlığına vurulmuş zərərlə bağlı müddətdən asılı olmayaraq istənilən vaxt iddia qaldıra bilər. 

Həkim məsuliyyətsizliyi…

Tibb işçilərinin vətəndaşın həyat və sağlamlığına vurulmuş zərərlə bağlı məsuliyyəti bəzən onların öz vəzifələrinə laqeyd və etinasız yanaşmaları nəticəsində yaranır.

Bununla bağlı qanunvericilikdə həmin tibb işçiləri üçün məsuliyyət nəzərdə tutulub.

Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurmaya görə  tibb işçisi 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə islah işləri və ya ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi