9 C
Baku
Tuesday, November 5, 2024

Startap şəhadətnaməsi nədir?

0

Have a Question?

“Startap” (Start-up) ingilis dilindən tərcümədə “başlamaq”, “işə salmaq” mənalarını verir və əvvəllər hər hansı bir işə yeni başlayana deyilirdi. Müasir dövrdə startap dedikdə yeni bir innovativ ideyanın reallaşdırılması və yaxud daha əvvəldən mövcud olan hər hansı bir biznes proseslərin tam fərqli formatda təqdim olunması və yaxud özündə innovativliyi səciyyələndirən sahibkarlıq fəaliyyəti başa düşülür.

Ölkəmizdə innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə bir sıra güzəştlər tətbiq olunur, xüsusi zonalar, inkubasiya və akselerasiya mərkəzləri fəaliyyət göstərir, qrant müsabiqələri keçirilir. Bu təşəbbüslər mütərəqqi beynəlxalq təcrübə, müasir qlobal meyillər nəzərə alınmaqla daha da genişləndirilməkdədir.

Startap ekosisteminin inkişafı istiqamətində atılan addımların davamı olaraq, bu ilin may ayından etibarən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. Bu məqsədlə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq edilib. Azərbaycan dünyada startap meyarlarını müəyyənləşdirmiş və bunu müvafiq qərarla təsdiq etmiş ölkələr sırasındadır.

“Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və yaxud kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən mikro və yaxud kiçik sahibkarlıq subyektlərinin təsisçiləri arasında orta və (və ya) iri sahibkarlıq subyekti olarsa, bu zaman həmin təsisçilərin hüquqi şəxsdə payının 49%-dən çox olmaması zəruridir. “Startap” şəhadətnaməsi gəlir və yaxud mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də şəhadətnamə almış digər startap məhsulu və yaxud xidməti ilə eynilik təşkil etməyən məhsul və xidmətlər üçün verilir.

“Startap” şəhadətnaməsinin üstünlükləri

“Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. Bununla bağlı olaraq, sahibkarlara artıq gəlir əldə edən və aktiv böyümə mərhələsində olan layihələr üçün “Startap” şəhadətnaməsinin alınması tövsiyə olunur.

Şəhadətnamə startaplara vergi güzəşti tətbiq etməklə, onların əldə etdiyi gəliri layihənin inkişafına yönəltməyə imkan yaradır. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır.

“Startap” şəhadətnaməsini İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) verir. Agentlik indiyə qədər 19 sahibkarlıq subyektinə şəhadətnamə verilib. Şəhadətnamə almış layihələr baytarlıq üçün ağıllı cihaz, maliyyə texnologiyaları, sığorta, logistika xidməti, ödəniş aqreqatoru, elektron ticarət və digər yeni və ənənəvi sahələrə innovativ həlləri tətbiq edən layihələri əhatə edir. “Startap” şəhadətnaməsi almış sahibkarların layihələrinin 80 %-i onlayn, 20 %-i elektron cihaz və mexaniki qurğulara əsaslanan məhsul və xidmətlərin təqdim edilməsini nəzərdə tutur.

“Startap” şəhadətnaməsi üçün necə müraciət etməli?

“Startap” şəhadətnaməsi almaq istəyən mikro və kiçik sahibkarlar KOBİA-ya yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 134) və yaxud elektron qaydada ([email protected]) müraciət edə bilərlər. Agentliyə daxil olmuş ərizə həmin gün qeydiyyata alınır, müraciətə və ona əlavə edilmiş sənədlərə ümumilikdə, 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasının rəyi əsasında Agentlik “Startap” şəhadətnaməsinin verilməsi və yaxud verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.

Ekspertlər Şurasında İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri, müstəqil ekspert qismində isə “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nəzdində fəaliyyət göstərən “İnnovasiyalar və rəqəmsal texnologiyalar” üzrə komissiya təmsil olunur.

“Startap” şəhadətnaməsi almaq üçün müvafiq meyarlar, müraciət üçün ərizə forması və lazım olan sənədlərlə bağlı ətraflı məlumatla KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi