10 C
Baku
Thursday, February 26, 2026

Epşteyn sənədlərində adı keçən Ümumdünya İqtisadi Forumunun prezidenti istefa verib

Davosda yerləşən Ümumdünya İqtisadi Forumunun (WEF) prezidenti və baş icraçı direktoru Börqe Brende maliyyəçi Ceffri Epşteynlə bağlı dərc olunan sənədlərdə adının hallanmasından sonra istefa verib. Bu barədə “Reuters” аgеntliyi məlumat yayıb.

“Mən Ümumdünya İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru vəzifəsindən ayrılmaq qərarı verdim”, — deyə Brende bildirib. O qeyd edib ki, WEF-də fəaliyyəti “son dərəcə məhsuldar” olub. Vida çıxışında Börqe Brende Epşteynlə əlaqələrinə toxunmayıb. Onun yerinə WEF-in prezidenti və baş icraçı direktoru vəzifəsini Alois Zvinqqi tutacaq.

ABŞ Ədliyyə Nazirliyi açıqlayıb ki, 2017-ci ildən WEF-in prezidenti olan Brende maliyyəçi ilə bir neçə dəfə işgüzar şəraitdə şam edib, həmçinin onunla elektron poçt vasitəsilə yazışıb. Bundan sonra WEF rəhbərliyi Epşteynlə münasibətlərə dair müstəqil araşdırmaya başlayıb.

Epşteyn 2019-cu ildə həbsxanada vəfat edib. İstintaqın versiyasına görə, o, intihar edib. Yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi maliyyəçinin işi üzrə daha 3 milyon sənədi açıqlayıb. Qurumun məlumatına görə, əvvəlki dərc olunan materiallar da daxil olmaqla, ümumilikdə 3,5 milyon sənəd ictimaiyyətə təqdim edilib.

Son xəbərlər
Digər xəbərlər