Norveçin “Equinor” neft şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsində 7.27 % payının satışını araşdırır.
Alıcıların bu aktivlərə marağını qiymətləndirmək üçün hazırda Norveç şirkəti “Jefferies Financial Group Inc”i. ilə iş aparır.
Bildirilib ki, maraqlı tərəflər arasında ABŞ-ın “ExxonMobil” şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın “Inpex” şirkəti var. Mövcud razılaşmanın şərtlərinə görə, “Equnior” öz payının satışı ilə bağlı ilk olaraq SOCAR-a müraciət etməlidir.
“Equinor” bu aktivlər üçün təklifləri yaxın həftələrdə təqdim olunmasını gözləyir və bu sövdələşmə təxminən 1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.
Qeyd edək ki, “Equinor” Xəzər dənizində digər kəşfiyyat sahələrində, eləcə də Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərində 8.71 % paya da malikdir.
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30.37 %), SOCAR (25 %), “MOL Group” (9.57 %), INPEX (9.31 %), “Equinor” (7.27 %), “ExxonMobil” (6.79 %), TPAO (5.73 %), ITOCHU (3.65 %), “ONGC Videsh Limited” (OVL) (2.31 %) pay sahibidir.