Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi layihəsində 50% payını Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satmaq üzrə sövdələşməni başa çatdırıb.
Bu barədə “Equinor”un məlumatında bildirilir.
“SOCAR-a “Qarabağ” layihəsində 50% payın satışı üzrə sövdələşmə 2024-cü il aprelin 24-də başa çatıb”, – şirkətin materiallarında bildirilib.
Eyni zamanda, “Equinor”, 2024-cü ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin işlənməsi layihələrindəki paylarının satışı üzrə sövdələşməni tamamlamağı planlaşdırdığını qeyd edir.
Norveç şirkəti xatırladıb ki, 2023-cü il dekabrın 22-də SOCAR ilə AÇG, BTC və “Qarabağ” layihələri də daxil olmaqla, Azərbaycandakı portfelinin satışına dair Saziş imzalayıb.
Qeyd edək ki, “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7.27%, Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8.71%, “Qarabağ” yatağının işlənməsi layihəsində isə 50%-i satıb. Sövdələşmədən əvvəl SOCAR-ın AÇG-də iştirak payı 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.
“Qarabağ” yatağı Bakıdan 130 km şərqdə yerləşir. Müqavilə sahəsi 16 milyon ton neft və 28 milyard kubmetr qaz ehtiyatına malikdir. Burada dənizin dərinliyi 180 metrdir.