Norveç enerji dövlət şirkəti “Equinor”, tərəfdaşları “Vaar Energi” (Norveç) və “Inpex Idemitsu” (Yaponiya) ilə birlikdə cümə axşamı Norveç dənizində yeni “Fram South” neft-qaz yatağının işlənməsinə 21 milyard krondan (təxminən 2,08 milyard dollar) çox sərmayə qoyacaqlarını elan ediblər.
Bu barədə “Reuters” məlumat yayıb.
“Equinor” və onun tərəfdaşları “Vaar Energi” və “Inpex Idemitsu” Norveçin “Fram South” neft-qaz yatağının işlənməsi üçün 21 milyard Norveç kronundan (2,08 milyard dollar) çox investisiya edəcəklər”, – agentlik şirkətlərə istinadən bildirib.
Sahə operatoru “Equinor”un bəyanatında istehsalın 2029-cu ilin sonunda başlanmasının planlaşdırıldığı diqqətə çatdırılıb.
“Fram South” Norveç kontinental şelfindən Avropaya enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək”, – “Equinor”un Layihələr, Qazma və Tədarük üzrə icraçı vitse-prezidenti Geyr Tunesvik vurğulayıb.
Çıxarılan neft və qaz borular vasitəsilə Şimal dənizindəki artıq mövcud olan “Troll C” platformasına, oradan isə digər Norveç qazı kimi standart marşrutla göndəriləcək.
“Equinor” sahədə 45 % paya sahibdir, “Vaar Energi” 40 % və “Inpex Idemitsu Norge” qalan 15 %-ə malikdir.