Livan ərazisinə hər hansı bir müdaxilə və ya onun qismən işğalı ümumərəb milli təhlükəsizliyinə təcavüz hesab ediləcək.
TASS xəbər verir ki, Ərəb Dövlətləri Liqasının (ƏDL) üzvləri Qahirədə təşkilatın Şurasının daimi nümayəndələr səviyyəsində fövqəladə iclasının nəticələrinə dair belə bir bəyanatla çıxış ediblər.
“İsrailin Livana qarşı davam edən vəhşi təcavüzünü pisləyirik və bu cür hərəkətlər regional sabitlik üçün ciddi risklər daşıdığı üçün dərhal dayandırılmasını tələb edirik. Biz həmçinin təsdiq edirik ki, Livan ərazisinə hər hansı bir müdaxilə və onun hər hansı bir hissəsinin işğalını ümumərəb milli təhlükəsizliyinə təcavüz hesab edəcəyik”, – İraqın “Shafaq News” informasiya portalının yaydığı bəyanatda deyilir.
ƏDL-in fövqəladə iclasının iştirakçıları “Livanla tam həmrəyliyi” vurğulayıblar və livanlılara humanitar yardım göstərməyi planlaşdıran ölkələri və beynəlxalq təşkilatları “onun göndərilməsini sürətləndirməyə” çağırıblar.