15 C
Baku
Sunday, November 2, 2025

Ərəb Parlamentinin prezidenti: Azərbaycan ərəb ölkələri üçün xüsusi yerə malikdir

Azərbaycan ərəb ölkələri üçün xüsusi yerə malikdir.

Bunu Qahirə şəhərində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşən Ərəb Parlamentinin prezidenti Mohamed Alyammahi deyib.

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanla müsəlman ölkələri arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək əlaqələrimizin əsasında ortaq dini, mədəni və mənəvi dəyərlərin dayandığını vurğulayıb.

Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlıq da mühüm rol oynayır. O cümlədən, Milli Məclisin Ərəb Parlamenti və ona üzv olan ölkələrin parlamentləri ilə sıx əlaqələrə malik olduğu bildirilib. Bu günlərdə Bakıda keçirilmiş Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr edilmiş Beynəlxalq Parlament Konfransında bir sıra ərəb ölkələri parlamentlərinin nümayəndə heyətlərinin iştirakından da məmnunluq ifadə olunub.

Görüşdə Mohamed Alyammahi Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 illiyi, həmçinin 8 noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı Milli Məclislə Ərəb Parlamenti arasında beynəlxalq səviyyədə də birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub. Həmçinin Ərəb Parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə də böyük əhəmiyyət verdiyi bildirilib. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Ərəb Parlamenti yanında müşahidəçi statusuna malik olduğu, Ərəb Parlamentinin də Parlament Şəbəkəsinin bütün tədbirlərində iştirak etdiyi vurğulanıb.

Görüşdə həmçinin Milli Məclislə Ərəb Parlamenti arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib, bu istiqamətdə birgə səylərin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər