Qırmızı dənizin Əqəbə körfəzi yaxınlığındakı səhra tezliklə futuristik kurort zonasına çevriləcək.
Səudiyyə Ərəbistanında müasir cəmiyyətin gur həyatının səbəb olduğu stresdən yaxa qurtarmaq istəyənlərin köməyinə çatacaq “Epikon” layihəsi təqdim edilib. Bu layihə üzrə dəniz sahilində göydələnlərin qeyri-adi dueti inşa olunacaq.
Layihə müəlliflərinin sözlərinə görə, tipik kurort zonaları öz bəsitliklərinə və riayət edilməli olan uzun-uzadı standartların və ənənələrin siyahısına görə artıq insanları bezdirib. Bunun əvəzinə, kurort həvəskarlarına futuristik və innovativ dizayna malik “ilğımlardan ibarət konsepsiya” təqdim olunması nəzərdə tutulur. Bu göydələnlər özlüyündə səyyahların gözlərini yanıldan və bənzəri olmayan zövqlər burulğanı bəxş edən səhra ilğımlarını xatırlatmalıdır.
Layihə üzrə inşa ediləcək ilk göydələnin hündürlüyü 225 metr, ikincisinin isə 275 metr olacaq. Bu binaların yanında çox hündür olmayan və təsərrüfat obyektlərinin və xidməti otaqların yerləşəcəyi qüllə kompleksi tikiləcək. Körfəzin düz sahilində isə dizaynı birbaşa yerli relyeflə uzlaşan 50 çimərlik villası inşa olunacaq.
“Epikon” göydələnlərinin hansı memar tərəfindən və hansı layihə üzrə ucaldılacağı məlum olmasa da, onlar Yer üzündə inşa edilmiş heç bir tikiliyə bənzəməməlidir.