Əraqçi: İrana qarşı əməliyyat ABŞ-yə 100 milyard dollara başa gəlib

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-nin İrana endirdiyi zərbələrə çəkilən xərclər Pentaqonun açıqladığı rəqəmlərdən xeyli yüksəkdir və təxminən 100 milyard dollar təşkil edir. Onun sözlərinə görə, dolayı xərclər isə Amerika xalqı üçün daha böyük olub.

“Pentaqon yalan danışır. İsrailin Baş naziri Benyamin Netanyahunun avantürası artıq Amerikaya 100 milyard dollara başa gəlib ki, bu da açıqlanan məbləğdən dörd dəfə çoxdur. ABŞ vergiödəyiciləri üçün dolayı xərclər isə daha yüksəkdir. Hər bir Amerika ailəsi üçün aylıq yük 500 dollar təşkil edir və sürətlə artır”, — deyə nazir “X” sosial şəbəkəsində yazıb.

Aprelin 29-da ABŞ müdafiə nazirinin maliyyə üzrə müvəqqəti müavini Jules Hurst isə bildirib ki, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlara çəkdiyi xərclər təxminən 25 milyard dollar olub. O qeyd edib ki, bu, ilkin qiymətləndirmədir.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə ərzində ABŞ və İsrailin zərbələri nəticəsində 3 375 iranlı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər ziddiyyətlər səbəbindən uzunmüddətli razılaşmaya nail ola bilməyib. Aprelin 21-də Donald Tramp atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.

Son xəbərlər
Digər xəbərlər