27 C
Baku
Tuesday, May 28, 2024

Ərdoğan: “2028-ci ilin sonunadək inflyasiyanı 4.7%-ə endirməyi planlaşdırırıq”

2028-ci ilin sonuna qədər Türkiyədə inflyasiyanın təkrəqəmli səviyyəyə – 4.7%-ə endirilməsi planlaşdırılır.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsindəki hesabında ölkənin gələcək 5 ili üçün Yol Xəritəsini müəyyənləşdirən 12-ci İnkişaf Planını açıqlayarkən bildirib.

R.Ərdoğan qeyd edib ki, sağlam düşüncə, qeyri-hökumət və peşəkar təşkilatların, biznes dünyasının töhfələri ilə hazırlanan 12-ci İnkişaf Planı bu gün Türkiyə Böyük Millətlər Məclisinə təqdim edilir: “5 illik inkişaf planımız 5 əsas istiqamətdən ibarətdir. Birincisi bacarıqlı insanlar, möhkəm ailə, sağlam cəmiyyət, ikincisi stabil inkişaf, güclü iqtisadiyyat, üçüncüsü yaşıl və rəqəmsal transformasiya ilə rəqabətə davamlı istehsal, dördüncüsü fəlakətə davamlı yaşayış sahələri, davamlı mühit, beşincisi isə ədalətə əsaslanan demokratik idarəçilikdir”.

Türkiyə Prezidentinin sözlərinə görə, 12-ci İnkişaf Planı dövründə orta hesabla 5% sabit və balanslı artım hədəflənib.

“2028-ci ildə ölkənin milli gəliri 1 trilyon 589 milyard ABŞ dollarına, adambaşına düşən gəliri isə 17 min 554 ABŞ dollarına çatdırmağı planlamışıq. Hər il məşğulluğun artımını orta hesabla 3% təmin etməklə, dövrün sonunda işsizliyin səviyyəsinin 7.5%-ə enəcəyini gözləyirik. İxracı 375 milyard ABŞ dollarına, turizm gəlirlərini isə 100 milyard ABŞ dollarına çatdıraraq cari hesabın kəsirini sıfıra yaxın səviyyəyə endirməyi hədəfləyirik.

Ümid edirəm ki, türk əsrinə gedən yolda dövlətimizə və millətimizə rəhbərlik edəcək 12-ci İnkişaf Planı faydalı olacaq”, – deyə paylaşımda bildirilib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər