2025-ci ilin üçüncü rübündə Türkiyə iqtisadiyyatında 3,7 faiz artım qeydə alınıb. Artıq 21 rübdür bu rəqəm artımını fasiləsiz davam etdirir. 2024-cü ildə 1 trilyon 260 milyard dollar olan iqtisadiyyat həcmini 2025-ci ilin üçüncü rübündə 1 trilyon 538 milyard dollara çatdıraraq daha yeni bir rekorda imza atdıq. Dekabr ayında 26,4 milyard dollarla aylıq əsasda yeni ixrac rekorduna nail olunub. Əvvəlki illə müqayisədə 4,5 faiz artan mal ixracımız ümumilikdə 273,4 milyard dollara çatıb. 2025-ci ildə Türkiyənin respublika tarixinin ən yüksək ixracat göstəriciləri qeydə alınıb. Mal və xidmət ixracının da 396,5 milyard dollara çatacağını təxmin edirik.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan illik ixracat hesabatını açıqlayarkən bildirib.
O deyib ki, qlobal dalğalanmalar iqtisadiyyatlara təsir göstərir. Xarici ticarət də daxil olmaqla, iqtisadiyyatın bütün sahələrində müəyyən edilən hədəflərin qlobal proseslərdən asılı olmayaraq qiymətləndirilməsi mümkün deyil.
Qeyd edilib ki, ölkə üzrə 2002-ci ildə təxminən 50 faiz olan ixracatın idxalı ödəmə nisbəti 2025-ci ildə 74,8 faizə yüksəlib. Türkiyə üzrə ən çox ixrac həyata keçirən 5 vilayət isə İstanbul, Kocaeli, İzmir, Bursa və Tekirdağ olub.
Türkiyə Prezidenti bildirib ki, yerli brend olan “Togg”un yeni modelləri ilə Avropa bazarında yer alması ölkənin mühəndislik və dizayn gücünü nümayiş etdirir. Avtomatlaşdırma sektorunda illik 1,5 milyon istehsal və 41 milyard dolları aşan ixracatla Türkiyə Avropanın 4-cü, dünyanın isə 12-ci ən böyük istehsal mərkəzi mövqeyindədir. 2002-ci ildə 248 milyon dollar olan müdafiə sənayesi ixracı ötən müddətdə 40 dəfə artaraq 2025-ci ildə 9 milyard 870 milyon dollara yüksəlib.
“Türkiyə Avropa İttifaqının ən böyük 5-ci ticarət tərəfdaşı halına gəlib və ölkənin 2025-ci ildə ticarət dövriyyəsi 232,7 milyard dollar səviyyəsinə çatıb. Ötən il üçün hədəf olaraq 390 milyard dollar açıqlanmışdı. Mal və xidmət ixracatı 396,5 milyard dollarla bu hədəfi aşıb.
2026-cı il üçün hədəfimiz 282 milyard dollar mal və 128 milyard dollar xidmət olmaqla, ümumilikdə 410 milyard dollar ixracat rəqəminə çatmaqdır”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.






