Türkiyə ötən 11 ay ərzində müdafiə və aviasiya ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artıraraq 7 milyard 445 milyon ABŞ dollarına çatdırıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
O qeyd edib ki, tədqiqat–inkişaf fəaliyyətlərindən dizayna, proqram təminatından kütləvi istehsala qədər bütün proseslər Türkiyənin yerli və milli resursları hesabına idarə edilir:
“Təkcə noyabr ayı üzrə ixracımız əvvəlki ilin noyabr ayı ilə müqayisədə 22 faiz artaraq 742 milyon dollar olub. Bu səhər etibarilə isə ixrac göstəricisi 8,6 milyard dolları keçib. Özümüzə inandıq, Türk müdafiə sənayesinə güvəndik və qısa müddətdə məhz bu rəqəmlərə nail olduq.
Əlbəttə, bununla kifayətlənməyəcəyik. 2028-ci il üçün müəyyən etdiyimiz hədəf 11 milyard dollarlıq ixrac göstəricisi ilə müdafiə və aviasiya ixracında dünyada ilk onluğa daxil olmaqdır. Bu məqsədə doğru möhkəm addımlarla irəliləyirik. Burada böyük məmnuniyyətlə onu da qeyd etmək istərdim ki, dünyada öz döyüş gəmisini layihələndirib dənizə endirən 10 ölkədən biri Türkiyədir”.






