Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-də ABŞ lideri Donald Tramp ilə ikitərəfli münasibətlərin müxtəlif aspektləri üzrə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məlumat verib.
“ABŞ prezidenti Donald Tramp prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2026-cı il iyulun 7-də ölkəmizə rəsmi səfər edəcək. Ankarada keçiriləcək danışıqlarda Türkiyə və ABŞ arasında müdafiə, ticarət və investisiya məsələləri də daxil olmaqla, yaxın müttəfiq və strateji tərəfdaş olan iki ölkə arasındakı münasibətlər hərtərəfli nəzərdən keçiriləcək. Liderlər mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımları müzakirə edəcəklər”, – Duran “X” sosial şəbəkəsində yazıb.
İkitərəfli məsələlərlə yanaşı, danışıqlarda qlobal və regional hadisələr ətrafında da fikir mübadiləsi aparılacaq.
Trampın çərşənbə axşamı səhər Ankaraya gələcəyi gözlənilir. Türkiyə tərəfi onun üçün ən yüksək səviyyəli rəsmi qarşılanma mərasimi hazırlayıb. Yerli müşahidəçilərin fikrincə, danışıqlardan sonra Ərdoğan və Tramp ayrıca mətbuat konfransı keçirəcəklər.
İyulun 8-də isə Tramp günün bir hissəsini NATO sammitinin keçirildiyi məkanda keçirəcək və burada liderlərin işçi sessiyaları baş tutacaq.







