9 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan Zəngəzur dəhlizindən danışdı: “Hər kəsə xeyir verəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtondan dönən zaman təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

O, regional və qlobal mövzulardan danışıb.

Ərdoğan Ermənistan-Azərbaycan arasında sülhə, Zəngəzur dəhlizinə də toxunub.

– Ermənistan Baş naziri Nikol Paşinyan sülhyönümlü bəyanatlar verir. Türkiyə-Azərbaycanın perspektivi Qafqazda sülhün əldə edilməsinə yönəlib. Bu kontekstdə Ermənistan-Azərbaycan sülh sazişi və İranın Zəngəzur dəhlizinə baxışı barədə nə deyərdiniz? Siz qeyd etdiniz ki, Ermənistan və Azərbaycan sülh sazişi imzalayanda o bölgədə tam sülh mühiti yaranacaq və ola bilsin ki, Ermənistan-Türkiyə sərhədi açıla bilər. Bu da düşünülə bilərmi?”, – sualına cavab olaraq Ərdoğan bildirib ki, bu məsələ ilə bağlı Paşinyana hər şey deyilib.

“Biz indi sülh üçün bütün yelkənləri açmalıyıq. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə daimi sülh əldə olunacaq. Türkiyə olaraq biz bu sülhü ürəkdən dəstəkləyirik. Zəngəzur dəhlizinin açılması bu sülhü taclandıracaq və tamamlayacaq addımdır. Bu addımlar Azərbaycanın, Ermənistanın, Türkiyənin və regionun digər ölkələrinin rifahına və sülhünə müsbət töhfə verəcək. Arzu edirik ki, belə müsbət cəhətləri olan qərarlar gecikmədən qəbul edilsin və lazımi tədbirlər görülsün. Bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, bunlar yaxşı xəbərə çevriləcək. Ən qısa zamanda daimi sülhün bərqərar olması üçün sülh prosesinə töhfə vermək baxımından digər ölkələrin də oxşar yanaşması vacibdir”, – Ərdoğan qeyd edib.

O, İran prezidenti Məsud Pezeşkianla telefon danışığında Zəngəzur dəhlizinin müzakirə olunmadığını əlavə edib: “Biz sadəcə onun bu seçkilərdə necə qalib gəldiyi ilə bağlı qiymətləndirmələr apardıq”

Ərdoğan Türkiyə-İran münasibətlərini çox fərqli nöqtəyə aparmaq istədiklərini bildirib:

“Zəngəzur dəhlizi hər kəsə, xüsusən də Azərbaycan, Ermənistan və İrana xeyir verəcək strateji dəhlizdir və bu dəhliz işə düşən kimi İran və Azərbaycan da rahatlaşacaq. O dəhliz Azərbaycan prezidenti İlham Əliyev üçün çox önəmlidir. İnşallah, oradakı dəmiryolu sistemi işə düşən kimi Azərbaycan burada çox rahatlaşacaq.” .

Son xəbərlər
Digər xəbərlər