15 C
Baku
Sunday, November 24, 2024

Eristika: mübahisədə qalib gəlmək haqda elm

Müəllif: Aleksandr Arxipoviç İvin, fəlsəfə elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi.

Hər birimiz müxtəlif mübahisə və diskussiyalarda iştirak etmişik, buna görə də mübahisənin aparılmasının ümumi prinsipləri nəzəriyyəsiz də hamımıza məlumdur.

Mübahisə – rəylərin, mövqelərin toqquşmasıdır, mübahisənin gedişi zamanı tərəflərdən hər biri müzakirə olunan problem haqda anlayışını dəlillərlə əsaslandıraraq müdafiə edir və əks tərəfin rəyini inkar etməyə çalışır. 

Mübahisə – ziddiyyət yaradan məsələlərin aydınlaşdırılması və həlli üçün, hələ tam aşkar olmayan və inamlı əsasını tapmayan məfhumun anlaşılması üçün mühüm vasitədir.Hətta əgər mübahisənin iştirakçıları sonda razılığa gələ bilmirlərsə belə, mübahisə gedişində onlar həm qarşı tərəfin, həm də özlərinin mövqelərini daha yaxşı aydınlaşdıra bilirlər.

Mübahisə etmək bacarığı – eristika adlanır. Eristikanı dialektika və sofistikaya ayırırlar. Bunlardan birincisi ilk dəfə “dialektika” sözünü tətbiq etmiş olan Sokrat tərəfindən problemin müzakirəsi və fikirlərin qarşıdurması yolu ilə həqiqətin əldə edildiyi effektiv mübahisə, dialoq aparmaq bacarığının ifadəsi üçün inkişaf etdirilmişdir. Mübahisə gedişində həqiqəti deyil, məhz qələbəni qarşısına məqsəd qoyan sofistika isə mübahisə bacarığını nüfuzdan salmışdır.

Eristika ayrıca elm və ya elmin bir hissəsi deyil. O, “praktik incəsənətin” yerimənin və ya musiqinin öyrənilməsi kimi bir növüdür.

Mübahisə zamanı davranış barədə eristikanın əsas tövsiyyələrini nəzərdən keçirək.

1. Xüsusi lüzum olmadan mübahisə etmək lazım deyil. Əgər mübahisəsiz razılığa gəlmək mümkündürsə, bundan istifadə etmək lazımdır.

Elə insanlar vardır ki, səbəb oldu-olmadı mübahisə etməyi sevirlər, hətta bəzən onlar bununla fəxr də edirlər. Mübahisəni elə mübahisə etmək üçün yaradan belə mübahisə hərisləri çox zaman məsələnin aydınlaşdırılmasına mane olurlar. Hər zaman xatırlamaq lazımdır ki, mübahisə öz-özlüyündə deyil, müəyyən məqsədlərə nail olma vasitəsi kimi dəyərlidir. Əgər aydın və mühüm məqsəd yoxdursa və ya o, mübahisəsiz əldə edilə bilinərsə, mübahisə yaratmaq mənasızdır.

Bununla yanaşı mübahisələrdən qorxmaq və onlardan qaçmağa cəhd etmək də lazım deyil. Diskussiya və polemikalarsız həll edilməsi mümkün olmayan prinsipial problemlər barədə mübahisə etmək lazımdır.

Mübahisə obyektivliyi və insanların ünsiyyətinin ayrılmaz hissəsi olması cəhətdən mühümdür. Bununla belə mübahisə insanların bir-birlərini anlamasının yeganə vasitəsi deyil. O, hətta əsas vasitə də deyil. Mübahisənin əsas məqsədi – qarşı tərəf üzərində öz-özlüyündə qələbə deyil, hər hansı konkret problemin həlli, ən yaxşısı isə – onun qarşılıqlı qəbul edilə bilən həllidir.

Mübahisə – mürəkkəb məfhumdur. O, bir-birilə uyğunlaşmayan iki fikrin toqquşması deyil. Hər zaman müəyyən kontekstdə keçərək, mübahisə insanın xasiyyətinin ləyaqət, mənlik, qürur və s. kimi cəhətlərinə toxunur. Mübahisənin tərzi, onun kəskinliyi, mübahisə edən tərəflərin güzəştləri,onlar tərəfindən istifadə olunan vasitələr təkcə konkret problemlərin həlli ilə bağlı təsəvvürlərlə deyil, həm də onun bütün konteksti ilə müəyyənləşir.

Mübahisədə formal qələbə çalmaq, öz yanaşmasının düzgünlüyü və məqsədəuyğunluğu üzərində təkid etmək və eyni zamanda heç də az mühüm olmayan bir məsələdə uduzmaq olar. Siz mübahisədə opponentin fikrini dəyişə bilmədiniz, onun anlamasına nail ola bilmədiniz, onun xətrinə dəydiniz, mübahisə yaradan problemin həllində onun qarşılıqlı təsirini və köməyini rədd etdinizsə – mübahisənin bütün bu əlavə nəticələri onda qələbənin effektini zəiflədə və ümumiyyətlə heçə endirə bilər.

2. Hər bir mübahisənin öz mövzusu, predmeti olmalıdır.

Bu -mübahisəyə şübhəsiz tələbdir, lakin bəzən o da pozulur. Yaxşı olardı ki, mübahisənin predmeti nisbətən aydın olsun. Ən yaxşısı bu predmeti lap əvvəldən bir müddəa ilə möhkəmləndirmək lazımdır ki, sonradan “ümumiyyətlə mübahisə nə haqda idi?” sualından qaçmaq mümkün olsun.

Predmetdsiz mübahisələr, tərəflər üçün aydın olmayan predmetlər üzrə mübahisələr öz mənasızlıqları və köməksizlikləri ilə ağır təəssürat yaradırlar. İştirakçılara öz bilik və bacarıqlarından istifadə etməyə imkan verməyərək bu mübahisələr onları təhrif olunmuş formada təqdim edirlər.Kromvel deyirdi ki, “Hara getmək lazım olduğunu bilməyən kəs hamıdan uzağa gedəcək”.

3. Mübahisənin məhsuldarlığının daha bir şərti: bütün mübahisə boyu onun mövzusu dəyişməməli və digəri ilə əvəzlənməməlidir.

Bu şərtə çox nadir hallarda riayət etmək mümkün olur, bu da tamamilə izah olunandır. Mübahisənin əvvəlində bir qayda olaraq mövzu qeyri-müəyyən olur. Lakin bu, mübahisənin gedişi boyu aşkara çıxır. Onun iştirakçıları daima öz mövqelərini dəqiqləşdirməli olurlar ki, bu da mübahisə mövzusuna yanaşmaların dəyişməsinə, vurğulanmanın mövzudan kənarlaşmasına səbəb olur.

Mübahisə edənlərin mövqelərinin dəqiqləşdirilməsi və konkretləşdirilməsi – mübahisənin mühüm məqamıdır. Amma yenə də mübahisənin əsas xəttini nəzərdə saxlamaq və ondan uzaqlaşmamağa çalışmaq lazımdır. Əgər mübahisənin mövzusu dəyişibsə, buna diqqət yetirmək və vurğulamaq məqsədəuyğundur ki, bu yeni predmet üzrə mübahisədir – mahiyyət etibarilə əvvəlki deyil, yeni mübahisədir.

Əksər mübahisələr onunla bitir ki, onların iştirakçıları özlərinin haqlı olduqlarından daha çox əmin olurlar. Lakin buradan mübahisələrin çoxunun faydasız olduğu haqda nəticə çıxarmaq düzgün olmazdı. Mübahisə edənlərin mövqeləri dəyişməsə də onlar mübahisəyə qədərkinə nisbətən daha aydın olurlar. Heç də hər bir polemika hamının eyni fikrə gəlməsi ilə nəticələnmir. Lakin demək olar ki, hər bir polemika tərəflərə öz mövqelərini dəqiqləşdirməyə, onların müdafiəsi üçün əlavə arqumentlər tapmağa kömək edir. Bitmiş mübahisənin iştirakçılarının öz mövqelərinin doğruluğundan artan əminlikləri məhz bununla izah olunur.

4.Mübahisə yalnız eyni bir obyekt, hadisə və s. haqda uyğunlaşmayan təsəvvürlər olduqda yaranır.

Əgər belə uyğunsuzluq yoxdursa, tezliklə aydın olur ki, mübahisə edənlər eyni bir obyektin müxtəlif, lakin bir-birini qarşılıqlı tamamlayan cəhətləri haqda danışırlar. Daha sonra mübahisə etməli bir şey qalmır.

5. Mübahisə tərəflərin ilkin mövqelərinin müəyyən ümumiliyini, onlar üçün ümumi olan hər hansı bazanı nəzərdə tutur.

Hər bir mübahisə müəyyən çıxış nöqtəsinə əsaslanır, müqəddiməsiz mübahisələr olmur. Bazisin ümumiliyi mübahisə edənlərin ilkin qarşılıqlı anlaşmasını təmin edir, qarşıdurmanın inkişaf edəcəyi meydan yaradır. Bir-birini tamamilə başa düşə bilməyən insanlar mübahisə edə bilmirlər, eləcə də razılığa gəlməyi bacarmırlar.

Orta əsrlərdə deyirdilər: “Eretiklərlə mübahisə etmirlər, onları yandırırlar”. Eretiklərin cəzalandırma tədbirlərini o dövrün vicdanına buraxaq. Eretiklər – bəzi başlıca prinsipləri rədd edən, verilmiş mühit üçün həyat və ünsiyyətinin əsasında duran vahid bazisi qəbul etmək istəməyənlərlərdir. Belə insanla mübahisə həqiqətən də real deyil. Mübahisə üçün qarşıduran tərəflərin, kökləri onların hiss, inam və intuisiyalarına gedib çıxan mövqelərinin məlum ümumiliyi lazımdır. Belə ümumilik yoxdursa və heç bir şey tərəflərə eyni dərəcədə şübhəsiz görünmürsə, o zaman mübahisə də yoxdur. Məsələn, Buddaya inanan adamla Məsih haqda mübahisə etmək çətindir; yerdənkənar sivilizasiyalara inanmayanları çətin ki, yad planetlilərin xarici görünüşü haqda söhbətə cəlb etmək mümkün olsun.

Adətən, mübahisənin çıxış nöqtələri sadə olur və xüsusi konstatasiya tələb etmir. Lakin bazis tam aydın deyilsə və ya fərqli yozulursa, ən yaxşısı onun dəqiqləşdirilməsindən və aydınlaşdırılmasından başlamaqdır. Çıxış nöqtələri ümumi olmayan, ilkin və danılmaz ideyalara eyni münasibət olmayan mübahisənin effektiv olacağına heç bir ehtimal yoxdur.

6. Mübahisənin uğurlu aparılması müəyyən məntiqi biliklər tələb edir.

İlk növbədə özünün və başqasının fikirlərindən nəticə çıxarmaq, ziddiyyətlərə diqqət vermək, fikirlər arasında məntiqi əlaqənin olmamasını aşkara çıxarmaq nəzərdə tutulur. Adətən, bütün bu məqsədlər üçün intuitiv məntiq, düzgün mühakimənin kor-təbii yaranmış bacarıqları kifayətdir.

Mübahisədə məntiqli və ardıcıl olmaq tələbi mübahisənin hər hansı nəzər nöqtəsinin sırf formal sübutu kimi inkişafını nəzərdə tutmur. Diskussiyavə polemikanın gedişində zarafatlar, geri çəkilmələr, eləcə də fikrin inkişafının məntiqi ilə əlaqədar olmayan digər hallar da yolveriləndir. Mübahisə edənlər qəbul edilmiş mühakimələrdən nəticə çıxarmağı qarşısına məqsəd qoyan “məntiqi maşınlar” deyil, canlı insanlardır.

Zarafat, mövzudan kənarlaşma və s. bəzən mübahisədə çox yaxşı köməkçi rolunu oynaya biılər.

7. Mübahisə söhbətin mövzusu olan məfhumların məlum biliklərini tələb edir.

Bu bilik tam ola bilməz, əks halda ziddiyyətlər və polemikalar yaranmazdı. Lakin o, kifayət qədər geniş olmalıdır. Bəzən insanlar dəqiq bilmədikləri, təsəvvürə belə malik olmadıqları, hardansa eşitdəkləri şeylər haqda mübahisə edirlər, bax bu pisdir. Buna baxmayaraq, az məlum olan və ya ümumiyyətlə məlum olmayan məfhumlar haqda iddia ilə mübahisə etmək vərdişi bəzi insanlarda dərindən kök salmışdır.

Müəyyən sahədə mütəxəssis olan insan, adətən bu sahədə öz biliklərini tənqidi qiymətləndirir, baxmayaraq ki, bu bilikləri əldə etməyə ola bilsin ki, bütün ömrünü sərf etmişdir. Adətən, təsəvvürləri səthi və dayaz olan insanlar lovğa və iddialı olurlar. Kimsə rişxəndlə qeyd etmişdir ki, tibb professoru xəstəliklər haqda nəyisə, həkim – çox şeyi, feldşer isə – hər şeyi bilir. Əsas biliklərin olmaması hər bir şeyə hazır əndazələrlə yanaşmağa, hər bir suala hazır cavaba malik olmağa gətirib çıxarır.

8. Mübahisədə uyuşqanlıq göstərmək lazımdır.

Mübahisədə vəziyyət daima dəyişir. Yeni arqumentlər gətirilir, daha öncə məlum olmayan faktlar üzə çıxır, iştirakçıların mövqeləri dəyişir – bütün bunlara reaksiya vermək lazım gəlir.Lakin taktikanın çevikliyi hər yeni məqamda mövqeni dəyişməyi nəzərdə tutmur.

Mübahisəyə girərək və müzakirə olunan mövzuya öz münasibətini müəyyənləşdirərək tutulan mövqedə möhkəm dayanmaq və onu mümkün olduğu qədər daha müəyyən və aydın etməyə çalışmaq lazımdır. Kinayə, fərziyyə, birbaşa cavabların olmaması – bütün bunlar mövqenin sərhədlərini dağınıqlaşdıraraq mübahisəni daha qeyri-müəyyən, bəzən də məzmunsuz edir. Bəzən qeyri-müəyyənlik də yaxşıdır, amma bəzən. Dəqiq, birmənalı ifadə olunmuş mövqe olmalıdır.

Mübahisə aparılmasının iki ən müstəsna üsulu daha çox yayılmışdır: güzəştə getmə və sərtlik. Lakin, nə sərt olmayan , nə də çox güzəştə getməyən, hər ikisinin xüsusiyyətlərini özündə birləşdirən üsul daha effektivdir. Bu mümkün olduğu halda baxışların təmas və uyğunluq nöqtələrini axtarılmalı, sonuncuların ziddiyyət təşkil etdiyi halda isə mübahisə edən tərəflərdən asılı olmayan, qərəzsiz meyarlara əsaslanan həlldə təkidlə dayanılmalıdır. Söhbət məsələnin mahiyyətindən getdikdə sərtlik mütləqdir; əgər söhbət təfsilatlardan, xüsusiyyətlərdən, şəxsi məqamlardan subyektiv simpatiya və antipatiyalardan gedirsə, adətən, güzəştə getmək və dözümlü olmaq daha yaxşıdır. Bu, mürəkkəb mübahisəli məsələləri kiçik höcətləşmələr olmadan həll etməyə, bununla da insanın öz baxışları və ləyaqəti ilə hərəkət etməsinə imkan verir.

9. Mübahisənin strategiyası və taktikasında ciddi xətalara yol vermək olmaz.

Özlüyündə aydındır ki, mübahisə müzakirə olunan problemi həll etməyi deyilsə də, heç olmasa ona aydınlıq gətirməyi nəzərdə tutur. Buna baxmayaraq, bəzən diskussiya və polemika ziddiyyətli nəticələrə gətirib çıxarır. İlkin dəqiq təsəvvürlər mübahisənin gedişi boyu dağılır və sona doğru ilkin aydın və inandırıcı arqumentlərdən demək olar ki, heç bir şey qalmır.

Çox zaman buna müzakirə olunan mövzunun çətinliyi səbəb olur. Mövzu haqqında müxtəlif təsəvvürlərin toqquşması onların qismiliyini və qeyri-tamlığını aşkara çıxarır. mübahisənin aydınılaşdırıcı funksiyası paradoksal yolla onun əksinə çevrilir: mübahisəyə qədər nisbətən aydın olanlar, ondan sonra anlaşılmaz və qaranlıq olur.

Mübahisənin, onun strategiya və taktikasında aşkar xətalara yol verilməklə mübahisə edə bilməmək səbəbindən anlaşılmaz bitməsi daha pisdir. Strategiya – arqumentasiyanın daha ümumi prinsipləri, bəzilərinin əsaslandırılması və möhkəmləndirilməsi məqsədilə digərlərinin gətirilməsidir. Taktika – verilmiş auditoriyada müzakirə olunan mövzunun nöqteyi-nəzərindən daha inandırıcı olan arqument və sübutların axtarılması və seçilməsi, eləcə də mübahisə gedişində digər tərəfin kontrarqumentlərinə reaksiyadır.

Mübahisənin strateji məsələsinin həlli yuxarıda göstərilmiş tələblərə riayət olunmasını tələb edir. Onlar öz ümumi ifadəliliklərində sadə, lakin bəzən konkret tətbiq zamanı mürəkkəbdirlər.

10. Mübahisə gedişində öz səhvlərini etiraf etməkdən qorxmaq lazım deyil.

Mübahisədə başlıcası – müzakirə olunan məsələnin müsbət həllinə öz töhfəni verməkdir. Özünün hansısa təsəvvürlərinin doğruluğundan əmin olmayan şəxs bu barədə tam səmimiyyətlə və qətiliklə deməlidir, bu mübahisəni daha məhsuldar edər.

Tənqidə dözümlü olmaq və kiminsə səhvlərimizi göstərəcəyindən qorxmamaq lazımdır. Tənqidi fikirlərin üzə deyldiyi mübahisədə bu xüsusən vacibdir.

Son xəbərlər
Digər xəbərlər