Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan neft məhsullarının ölkəsinə ixracı məsələsinə münasibət bildirib.
Papoyan “Azadlıq Radiosu”nun erməni xidmətinə bildirib ki, vaxtı gələndə bu barədə hər şey bilinəcək.
Nazir Gürcüstanın Azərbaycan neft məhsullarının Ermənistana ixracına görə tranzit üçün rüsum almayacağına dair bəyanata da toxunub.
“Mən təsdiq edirəm ki, Gürcüstan tərəfi bunu mənə çatdırıb, Gürcüstanın iqtisadiyyat naziri şəxsən mənə çatdırıb”, – erməni nazir deyib.
O əlavə edib ki, bu, Gürcüstanın sülh prosesində jestidir: “İlk tranzit üçün Gürcüstan tərəfi pul tələb etməyəcək. Və sonra, təbii ki, təşkilatların ödəməli olduğu tranzit haqları var”.
“Şərh verə bilmərəm. Bu cür proseslərdə nəticələr olduqda danışmağı sevirəm”, – Papoyan yaxın gələcəkdə Azərbaycan neft məhsullarının ilk partiyasının gətirilməsi məsələsini şərh edərkən deyib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan üçün Ermənistanla müharibənin bitdiyini deyib. O, neft və neft məhsullarının ixracı məsələsinin Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın keçən həftə Qəbələyə səfəri zamanı müzakirə edildiyini bildirib.








