Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının (KTMT PA) Moskvada keçiriləcək iclasına gedəcək.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
İclasda iştirak edəcək Ermənistan nümayəndə heyətinin tərkibinə spikerin müavini Akop Arşakyan, parlamentin müdafiə və təhlükəsizlik üzrə komissiyanın sədri Andranik Koçaryan, “Şərəfim var” blokunun deputatı Tiqran Abramyan daxil edilib.
Ermənistan nümayəndə heyəti 4-6 dekabr tarixlərində Moskvada işgüzar səfərdə olacaq.
Xatırladaq ki, KTMT PA-nın sonuncu iclası İrəvanda bu ilin iyununda keçirilib. KTMT-yə üzv olan ölkələr Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.