Ermənistan Rusiyadan enerji asılılığını azaltmaq üçün Azərbaycan qazının mümkün alıcılarından birinə çevrilə bilər. Lakin İrəvan bu halda Azərbaycan qazına tələbatı artan Avropa ölkələri ilə rəqabət aparmalı olacaq.
Almaniyanın “Focus” nəşri Ermənistanın qaz təchizatındakı son vəziyyəti təhlil edib.
Nəşr “Qazprom”un sentyabrın 15-dən 25-dək Ermənistana qaz nəqlini dayandırmasının Kremlin əvvəllər Avropaya qarşı tətbiq etdiyi taktikaya bənzədiyini yazıb.
“Qazprom Ermənistan” fasiləni Rusiya ərazisindəki qaz kəmərində aparılan planlı təmir işləri ilə izah edib. Şirkət daxili ehtiyatlar və İrandan əlavə qaz tədarükü hesabına ölkədə qıtlıq yaranmayacağını bildirib.
“Focus”un diqqət çəkdiyi əsas məqam qaz nəqlinin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyadan enerji asılılığını azaltmaq niyyətini açıqlamasından bir neçə gün sonra dayandırılmasıdır.
Paşinyan sentyabrın 11-də Ermənistanın təbii qaz idxalını şaxələndirməyi planlaşdırdığını bildirib. 2025-ci ildə ölkənin idxal etdiyi qazın təxminən 82 faizi Rusiyanın payına düşüb. Ermənistanın illik qaz idxalı təxminən 2,7 milyard kubmetr təşkil edib.
Almaniya nəşri yazır ki, bu şəraitdə Azərbaycan Ermənistan üçün alternativ qaz mənbəyinə çevrilə bilər. Paşinyanın çıxışı ilə eyni gündə İrəvanda Azərbaycandan qaz alınmasına hazır olunduğu barədə fikirlər səsləndirilib.
Bununla belə, “Focus” Azərbaycanla Ermənistan arasında sülh sazişinin hələ imzalanmadığını xatırladıb. Nəşr qeyd edib ki, Bakı İrəvandan Konstitusiyadakı Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını tələb edir.
Məqalədə Azərbaycanın 2023-cü ildə təxminən 49 milyard kubmetr təbii qaz hasil etdiyi vurğulanıb. Azərbaycan qazının Avropaya nəqlində Cənub Qaz Dəhlizi əsas rol oynayır. Marşrut Azərbaycan qazını Gürcüstan və Türkiyə üzərindən Yunanıstana, oradan isə digər Avropa bazarlarına çatdırır.
Avropa İttifaqının Rusiya qazından asılılığı azaltmağa çalışması Azərbaycan qazına tələbatı artırır. Macarıstan və Slovakiya da alternativ tədarük mənbələri axtararkən Azərbaycana müraciət edən ölkələr sırasındadır.
“Focus”un qənaətinə görə, Ermənistan Azərbaycan qazı almaq istəyərsə, faktiki olaraq bir neçə Avropa ölkəsi ilə eyni mənbə uğrunda rəqabət aparmalı olacaq.
Qeyd edək ki, Avropa İttifaqının qaz idxalında Rusiyanın payı 2022-ci ildən əvvəlki 45 faizdən hazırda təxminən 12 faizə düşüb. İttifaq Rusiya enerjisindən tam imtina istiqamətində tədbirləri davam etdirir.







