27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirib.
Bu haqda “Banker.az”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş (siyahı əlavə olunur), 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan istintaq-əməliyyat tədbirləri həyata keçirilir.