İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan paytaxt Tehranda Ermənistan parlamentinin sədri Alen Roberti Simonyan ilə görüşüb.
Banker.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Abdullahiyan və Simonyan ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Ermənistanın İranın mühüm dostu və qonşusu olduğunu qeyd edən Abdullahiyan iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və iki ölkənin müxtəlif imkanlarından istifadə edilməli olduğunu vurğulayıb.
Ölkələrin ərazi bütövlüyü və milli suverenliyinə hörmət edilməli olduğunu deyən Abdullahiyan Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasının ən mühüm məsələlərdən biri olduğunu bildirib.
Abdullahiyan bildirib ki, İran Ermənistanla Azərbaycan arasında mübahisələrin həlli üçün bütün imkanlarından istifadə etməyə hazırdır. Ermənistan parlamentinin sədri Simonyan da iki ölkə arasında əlaqələrin ikitərəfli səviyyədə və beynəlxalq forumlarda inkişafından məmnunluğunu ifadə edib. Ermənistanın İranın regionda fəal mövqeyinə önəm verdiyini deyən Simonyan, iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafını məmnuniyyətlə qarşıladığını və ölkəsinin İranla əlaqələrin inkişafı ilə bağlı heç bir məhdudiyyətinin olmadığını qeyd edib. Simonyan həmçinin İranın Ermənistanın Sünik vilayətində baş konsulluq açmasını iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi kimi qiymətləndirib və Ermənistanın da Təbrizdə baş konsulluq açmağa hazır olduğunu bəyan edib.
Qeyd edək ki, rəsmi səfər çərçivəsində Tehranda olan Ermənistan parlamentinin sədri Simonyan Abdullahiyandan əvvəl İran parlamentinin sədri Məhəmməd Bakir Kalibaf İran prezidenti İbrahim Rəisi ilə görüşmüşdü.