Ermənistan hakimiyyəti yaxın vaxtlarda Türkiyə ilə sərhəddə yerləşən Axurik zastavasının keçid məntəqəsindən Rusiya sərhədçilərini çıxarmağı planlaşdırır.
Bu barədə “News of Armenia” diplomatik dairələrdəki mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Axurik zastavasındakı birbaşa keçid məntəqəsinin təhvil verilməsi ilə bağlı qərar artıq qəbul edilib və hətta bayraq dirəyi də quraşdırılıb. Bununla yanaşı, Rusiya sərhədçiləri zastavanın özündə qalacaqlar.
Hazırda Türkiyə istiqamətində dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir.
Nəşrin məlumatına görə, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsi ərazisində tikinti işlərinə başlayıb. Beləliklə, Türkiyə tərəfində tikintinin başlaması və Axurikin istifadəyə verilməsinin nəzərdə tutulması yaxın gələcəkdə sərhədin açılması niyyətinin ciddi olduğundan xəbər verir.







