2 C
Baku
Saturday, December 14, 2024

Ermənistanda bir sıra yüksək rütbəli hərbçilər məsuliyyətə cəlb olunacaqlar

Ermənistanda bir sıra yüksək rütbəli hərbçilər məsuliyyətə cəlb olunacaqlar.

Bunu həmin ölkənin hərbi prokuroru Qriqor Elizbaryan yerli İctimai TV-nin efirində deyib.

O, qeyd edib ki, Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın zamanı 15 hərbçinin ölümünə görə cavabdehlik daşıyanların hamısı qanunun bütün ciddiliyi ilə məsuliyyətə cəlb olunacaqlar.

“Bu və ya digər şəkildə xidməti vəzifələrini yerinə yetirməyən və ya hərəkətsizliyə yol verən bütün məmurlar və vəzifəli şəxslər məsuliyyətə cəlb olunacaqlar. Məsuliyyətdən yayına biləcək şəxs yoxdur”, – hərbi prokuror vurğulayıb.

Hərbi prokuror əlavə edib ki, istintaq orqanları, hərbi polis və prokurorluq əməkdaşları yanvarın 19-da saat 02:00-da hadisə yerində olub və ilkin versiya hökumətin səhər iclasında açıqlanıb. Onun sözlərinə görə, araşdırma işləri davam edir. Faciənin baş verdiyi yerə baş çəkən hərbi prokuror istintaqın gedişinə şəxsən nəzarət edəcəyinə söz verib.

Orduda əvvəllər də belə halların olub-olmaması ilə bağlı suala Elizbaryan təsdiq cavab verib. Baş prokuror qeyd edib ki, həmin hadisələrin hər biri ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılıb. O, həmçinin əlavə edib ki, yüksək rütbəli zabitlər də ayıq-sayıq olmalı, əmrlərin icrasına nəzarət etməli, zabit və şəxsi heyətlə təlimatlar keçirməlidirlər.

“Benzin soba yandırmaq üçün nəzərdə tutulmayıb, əgər kimsə bunu özbaşına edirsə, cavab verməlidir”, – Elizbaryan deyib.

Yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində rayonun Azat kəndində mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın zamanı 15 hərbçi həlak olub, daha üçünün vəziyyəti ağırdır. Hərbi hissədə yanğının söndürülməsinə 5 saat vaxt sərf olunub.

İstintaq Komitəsinin məlumatına görə, fövqəladə vəziyyətə səbəb isinmək üçün benzindən istifadə edilməsi olub. Təhlükəsizlik qaydalarının pozulması səbəbindən soba yanıb.

Hərbi hissənin bir sıra yüksək vəzifəli şəxsləri tutduqları vəzifələrdən azad ediliblər.

Son xəbərlər
Digər xəbərlər