Azərbaycanın Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanın hesablanması qaydası açıqlayıb.
O bildirib ki, 4 mühüm istiqamət üzrə zərər hesabalanacaq.
“Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatının itirməsi və məcburi köçkün həyata yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan.
Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu da həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur.
Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun barbarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq.