“Azad edilmiş torpaqları hesablamaq o qədər də çətin məsələ deyil. Halbuki hər gün bu dəyişir. Dünən mən yeni 6 kəndin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdım. Ondan əvvəlki gün də daha çox sayda kəndlər işğaldan azad edildi”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, bu mərhələ davam edir: “Demək olar ki, hər gün biz yeni əraziləri, strateji yüksəklikləri işğaldan azad edirik. Ona görə bu rəqəmlər dəyişir. Ancaq bu gün rəsmi qaydada verilən məlumat deməyə əsas verir ki, hansı bölgələr azad edildi. Bu xəritədə misal üçün Hadrut yoxdur, artıq Hadrut bizdədir. Füzulinin ətrafında olan kəndlərin mütləq əksəriyyəti bizdədir. Və artıq Füzuli bizim gözümüzün qabağındadır. Cənub istiqamətində də irəliləmişik. Şimalda Murovdağ mövqeləri bizdədir. Madagiz bizdədir. Yəni, bütün istiqamətlər üzrə böyük qələbələr əldə etdik və bu mərhələ davam edir. Hesab edirəm ki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusilə o kəndlərin sakinləri ki, o kəndlər işğaldan azad edilib, onlar üçün əlbəttə ki, bu, tarixi günlərdir”.
Prezident İlham Əliyev ümumilikdə neçə km ərazini işğaldan azad etdiyimizi demək istəməyib: “Çünki bu, hər gün dəyişən rəqəmdir. Ancaq bizim məqsədimiz ərazi bütövlüyümüzü tam bərpa etmək və Azərbaycan bayrağını bütün işğal edilmiş torpaqlarda qaldırmaqdır”.
Dövlət başçısı ermənilərin itkiləri ilə bağlı suala da münasibət bildirib: “Bu da hər gün dəyişən statistikadır. Sadəcə, 200-dən çox tank zərərsizləşdirilib. 33 tank qənimət kimi götürülüb, onlar da saz vəziyyətdədir. 35 hava hücumuna qarşı OSA sistemi zərərsizləşdirilib, çox bahalı, çox dəyərli olan 2 S-300 hava hücumundan müdafiə sistemi məhv edilib, həmçinin çox bahalı olan TOR hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib, hardasa 170 yük maşını ya zərrəsizləşdirildi, ya bizdədir. 16 komanda mərkəzi məhv edilib. Yəni bizim hesablamalarımıza görə hardasa 2 milyard dollar ətrafında Ermənistan Ordusuna ziyan dəydi. Bu, davam edir. Mən demişəm və Ermənistan rəhbərliyinə də müraciət etmişəm ki, siz atəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın, bu müharibə dayansın, siz də qalan silahlarınızı müdafiə edin. Belə gedərsə, biz onların bütün silahlarını məhv edəcəyik”.
Dövlət başçısı, həmçinin, Ermənistanın insan itkiləri ilə bağlı suala da cavab verib:
“Can itkisi ilə bağlı onların mediada gedən rəqəmi mən deyirəm, hardasa 600-dən çoxdur. Amma bizdə olan məlumata görə, onlarda itki daha çoxdur. Yəni dediklərindən bir neçə dəfə daha çoxdur. Əgər 200 tank məhv edilibsə, bu tankların içində olan əsgərlərin sayına baxın, artıq bu rəqəm neçəyə çıxır. İndi döyüş bölgələrində, komanda mərkəzlərində, digər qurğularda onların texnikasının necə məhv edilməsinin görüntüləri var. Ona görə hansısa konkret rəqəm demək istəməzdim. Çünki mən hər zaman dəqiq rəqəmlərə sadiqəm, yoxlanılmamış rəqəmləri səsləndirmək istəmirəm. Amma təbii ki, bu itkilər 600-dən daha çoxdur”.
Prezident qeyd edib ki, ermənilərdə nə qədər silah olduğu bilinmir: “Çünki sual ortaya çıxır ki, bu silahları haradan əldə edirlər. Ermənistanın büdcəsi bəlli, valyuta ehtiyatları bəllidir. Əgər 17-18 gün ərzində 2 milyard dollarlıq onların silahları məhv edilibsə və hələ də silahlar varsa və bu məhv edilmiş silahlar yalnız məhv edilmiş sihalar Dağlıq Qarabağ ərazisindədirsə, o zaman Ermənistan ərazisində nə qədər silahlar var?! Baxın bunlarda nə qədər silah var. Haradan aldılar?! Bu pulu haradan tapdılar?! Təbii ki, onlarda bu qədər pul yoxdur. Deməlıi bunu pulsuz alıblar”.