13 C
Baku
Friday, November 22, 2024

Əsas alıcısı Rusiya olan məhsulun hər il 40 min tona yaxını xarici ölkələrə ixrac olunur

Quba bağlarından yığılan keyfiyyətli almanın topdansatış qiyməti 50-60 qəpik arasında dəyişir.

Rayonun alma bağlarında kütləvi məhsul yığımı sentyabrın ikinci ongünlüyündən başlayıb.

Toplanan meyvənin müəyyən hissəsi satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndərilir. Məhsulun böyük hissəsi isə xarici bazarlar üçün nəzərdə tutulub. Quba alması əsasən Rusiya bazarlarına göndərilir. Hər il rayon bağlarında yetişən 40 min tona yaxın alma xarici ölkələrə ixrac olunur.

Təsərrüfatçı Süleymanpaşa Şahvəliyev toplanan məhsulun ilkin mərhələdə elə bağlarda çeşidlənərək qablaşdırıldığını bildirir. Bundan sonra meyvə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır.

“Hazırda ağ və qırmızı “Palmet” yığılır. Alma bağlarında məhsuldarlıq yaxşıdır. Almanı bağlardan vaxtında toplamağa çalışırıq. Vaxtında yığılmasa, yağış yağan kimi yerə tökülür. Yığılan almanı elə bağda çeşidləyirik. Keyfiyyətinə və ölçüsünə görə növlərə ayırırıq. Məhsulumuz əsasən Rusiya bazarlarına göndərilir. Seçmə alma 60 qəpikdir. İkinci növ alma 30-40 qəpik. Balaca, nisbətən zəif almanın isə bir yeşiyi 3-4 manatadır”, – deyə təsərrüfatçı bildirib.

Rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün qüvvələrini səfərbər ediblər. Alma yığımına ətraf rayonlardan işçi qüvvəsi cəlb olunur. Günəmuzd işçilər almanın bir yeşiyini 1 manata toplayırlar.

“Alma yığımına sentyabrın əvvəllərindən başlamışıq. Əvvəlcə tezyetişən sortlar yığılıb. Hazırda yığım yekunlaşmaq üzrədir. Təxminən 10 günə bizim bağlarda yığım başa çatacaq. Amma elə sort almalar var ki, yığımı noyabr ayında olacaq. Almanı toplayıb, çeşidləyib anbarlara göndəririk. Soyuducu anbarlarda saxlanılan alma qiymətlər münasib olanda xarici bazara göndərilir. Hazırda alma yerli bazarlarda da satılır”, – deyə təsərrüfatçı Ramik Muradov qeyd edib.

Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden” və “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrani smit”, “Fuji” sortlarına üstünlük verirlər.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu günə kimi Quba bağlarından 80 min 150 ton alma toplanıb. Yığım noyabr ayına kimi davam edəcək. Ötən il rayonun alma bağlarından 123 min ton alma toplanıb.

Rayonda, ümumilikdə, 10 min 856 hektar alma bağı var. Bu bağların 240 hektarı yeni salınıb. Alma bağlarından 1520 hektarı intensiv üsulla becərilir.

 

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər