Eskpert Azərbaycanda dollar bahalaşmasını mümkün saymır

Qonşu ölkələrdə dolların sürətlə bahalaşması Azərbaycanda da narahatçılığa səbəb olub. Belə ki, Azərbaycanda da dolların bahalaşcağı haqqında iddialar səslənir. Baxmayaraq ki, rəsmi qurumlar və bəzi ekspertlər manatın ucuzlaşması üçün heç bir səbəbin olmadığını deyir, dolların bahalaşması gözləntiləri kifayət qədərdir.

Maraqlıdır, dolların bahalaşmasından necə qorunmaq olar? İmtina etmək mümkündürmü?

Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov açıqlamasında Azərbaycanda dollar yaxın zamanlarda bahalaşma ehtimalının az olduğunu deyib:

“Türkiyə, Rusiya və İranda dollar ona görə bahalaşır ki, Amerika Birləşmiş Ştatları (ABŞ) həmin ölkələrə sanksiya tətbiq edir. Azərbaycana isə sanksiya tətbiq etmək haqqında heç bir iddia yoxdur. Digər tərəfdən Azərbaycanın manatının məzənnəsi əsasən neftdən asılıdır. Neftin qiyməti isə kifayət qədər yüksəkdir. Ona görə də hazırda manatın ucuzlaşması üçün heç bir əsas yoxdur. Əslində ABŞ-ın adıçəkilən ölkələrə sanksiya tətbiq etməsi neftin bahalaşmasına stimul yaradır. Çünki istər Rusiya, istərsə də İran neft ixrac edən ölkələrdir. Sanksiyalara görə bu ölkələr bazara neft çıxarmasa, qiymətlər müəyyən qədər bahalaşacaq. Bu da manatın məzənnəsinə müsbət təsir edən amildir”.

Ekspert həmçinin vətəndaşlara manatı dollara çevirməməyi tövsiyyə edib: “Əgər 6 aylıq xərcdən əlavə vəsait varsa, onu müəyyən valyutalarda saxlamaq olar. Amma maaşdan maaşa dolanan şəxslərə dollar almağı məsləhət görmürəm. Çünki onlara pul lazım olduğu zaman həmin dollarla manata dəyişməyə məcbur olacaqlar. Mübadilə əməliyyatlarında isə dolları aldıqları qiymətə sata bilmədikləri üçün zərər edəcəklər”.

Azərbaycanın dollardan imtina etməsinə gəlincə, Əkrəm Həsənov bunun mümkün olmadığını deyib: “Azərbaycan idxaldan asılı ölkədir və bütün idxal əməliyyatları dollarla aparılır. Digər tərəfdən Azərbaycanın ən böyük gəliri neft satışındandır ki, bu da ölkəyə dollar gətirir. Yəni, Azərbaycan heç bir halda idxal, ixrac əməliyyatlarında dollardan imtina edə bilməz”.

Cebhe.info