Ukraynanın istehsalçı şirkətləri “Zagotservice” MMC”, “Myasodar” MMC, “Shidzahid” MMC (“East West” MMC), “Verbivske” MMC-yə məxsus dondurulmuş mal əti və “Lutsk Agricultural Company” MMC-yə məxus dondurulmuş toyuq əti məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Banker.az xəbər verir ki, AQTA-nın bildirişi əsasında, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalçı müəssisələrdə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib.
Ukrayna tərəfindən baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq sözügedən istehsalçıların respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müvafiq məlumat verilib.