13 C
Baku
Friday, November 22, 2024

ETF – yeni nəsil investisiya aləti

Müasir dövrdə ən çox müzakirə edilən və əsasən də investorları maraqlandıran mövzulardan biri etibarlı, təhlükəsiz və maksimum gəlir gətirən investisiya portfelinin qurulumasıdır. Balanslaşdırılmış investisiya portfeli qurmaq üçün müəyyən analitik biliklər və maliyyə alətlərindən istifadə bacarığının olması vacibdir. İnvestorların, xüsusilə də bu işə yeni başlayanların arzusu ciddi risklər daşımayan və böyük diqqət tələb etməyən stabil və yüksək gəlir mənbəyi tapmaqdır. Bu tələbləri qarşılayan azsaylı maliyyə alətlərdən biri də ETF-dir. Bu araşdırmda ETF nədir, növləri və xüsusiyyətləri haqqında maksimum faydalı ola bilcək məlumatları izah etməyə çalışacam.

 ETF-in hərfi tərcüməsi – Exchange Traded Funds, yəni, birjada ticarət olunan fondlar mənasını verir. Birjada ticarət olunan “maliyyə alətləri səbəti” kimi də adlandırmaq olar. ETF fondu səhmlər, istiqrazlar, qiymətli metallar, əmtəə və xammal, kriptovalyutalar və digər aktivlərdən ibarət olan bir investisiya portfelidir. Daha sadə dildə, ETF – riski minimumlaşdırmaq və eyni anda bir neçə maliyyə alətindən istifadə edərək fond bazarına investisiya etmək üçün ən optimal üsuldur.

ETF fondlarının iş prinsipi ondan ibarətdir ki, fond müxtəlif çeşidli aktivlərdən ibarət investisiya portfeli formalaşdırır və onu hissələrə bölərək satır. Bunun üçün fond öz səhmlərini buraxır. İnvestor isə bir EFT səhmi almaqla eyni anda bir qrup maliyyə alətinin səhmdarı olur. Misal üçün, FXİT ETF – ABŞ İT sektoru şirkətləri: Apple, Microsoft, Intel, Visa, IBM, Cisco, Oracle səhmləri üzrə ixtisaslaşmış investisiya fondudur. Siz FXİT-in səhmlərini aldığınız halda bu 7 şirkətin hər birinin dolayı yolla səhmdarı olursunuz. Ümumiyyətlə, ETF-lər investisya portfelinin tərtib edilməsində bacarığı və bu portfelin idarə edilməsi üçün zamanı olmayan investorlar üçün əla alətdir. Çünki siz eyni zamanda onlarla şirkətin hesabatları, səhmlərinin qiymətləri və onlar haqqında xəbərləri izləmək məcburiyyətində deyilsiz. Fondun idarəçiləri bazarı analiz edir, trendə uyğun olaraq hansı aktivi almaq və ya satmaq, həmçinin digər təşkilatı qərarlar verirlər.

ETF-lərin əsas üstünlükləri:

  1. İnvestisiyanın diversifikasiyası. Hesab edirəm ki, investisiya portfelində diversifikasiya ən önəmli faktordu. ETF – müxtəlif sektorları əhatə edən hazır maliyyə alətləri “səbəti”-dir. Bu səbəbdən investorun ayrı-ayrı şirkətlərin biznesini ətraflı öyrənməsinə və öz investisiya portfeli üçün hansı aktivləri seçib alımasına zaman sərf etməsinə ehtiyac yoxdur.
  2. Kiçik kapital ilə investisiya etmək imkanın olması. Əgər sizin Google (1 səhm – 2900 USD), Amazon (3450 USD), Tesla (735 USD) kimi şirkətlərin səhmlərini almaq üçün kifayət qədər vəsaitiniz yoxdursa, o zaman ETF vasitəsi ilə onlara minimal kapital ilə investisiya edə bilərsiniz.
  3. ETF Fondları səhmləri adi səhmlər kimi beynəlxalq birjalarda ticarət olunur.

Hesablamalara əsasən investorların 53%-i ETF-lərdən investisiya portfelinin diversifikasiyası, 31%-i bazar indesklərinə yatirim etmək, 16%-i isə xüsusi sektorlarda payını artmaq üçün istifadə edirlər. Tarixdə ilk ETF – Toronto Index Participation Fund (TIP 35) Kanadada yaradılıb və 1990-cı ildə Toronto Fond Birjasında listinq edilib. ABŞ-da ilk ETF – Standard and Poor’s 500 Depository Receipt (SPDR), AMEX fond birjası tərəfindən 1993-cü ildə yaradılıb. State Street Global Advisors isə 1998-ci ildə 9 sektoru əhatə edən və S&P 500 indeksini izləyən sektoral ETF yaradıb. Hazırda dünyanın ən iri ETF idarəçi şirkətləri – BlackRock, Vanguard, State Street Global Advisers, İvesco, UBS Group, Fidelity Investments, J. P. Morgan, Allianz Group hesab olunur.

ETF ilə səhmlərin oxşar cəhətləri olsa da onların iki əsas fərqi var. Birincisi, ETF alarkən siz bir deyil, müxtəlif səhmlərdən ibarət diversifikasiya edilmiş səhm portfelinə sahib olursuz. İkincisi, səhmdən fərqli olaraq, ETF alarkən siz şirkətin birbaşa səhmdarı olmursuz və şirkətin idarəetmə siyasətinə təsir imkanınız olmur.

Xarakterindən aslı olaraq ETF-lər aşağıdakı kateqoriyalara bölünür:

  1. Müxtəlif iqtisadi sektorların dinamikasını əks etdirən ETF fondlar. Bu cür aktivlər, demək olar ki, bütün iqtisadi fəaliyyət sahələrini əks etdirir. Misal üçün, tanınmış SPDR S&P Retail fondu, S&P500 indeksinə daxil olan şirkətlərin inkişaf tendensiyasını əks etdirir.
  2. Valyuta ETF-lər. Aktivlər ən populyar dünya valyutaları və ya xarici valyutada olan əmanətlərdir. Bu fondlar həm bir valyutanın qiymət inkişaf dinamikasını, həm də valyuta səbətinə daxil olan valyutaların trendini əks etdirir. Misal üçün, PowerShares DB U.S Dolar, Bullish (NYSE: UUP) və Bearish (NYSE: UDN) fondları ABŞ dollarının digər valyutalara qarşı hərəkətini izləməkdə ixtisaslaşmışdır.
  3. İndeks ETF-lər. Aktivlərinə müəyyən dövlətlərin və ya ayrı-ayrı regioanların indeksləri daxildir. Misal üçün, Yaponiya fond bazarının indeksinin dinamikasını əks etdirən ETF – iShares MSCI Japan.
  4. Əmtəə ETF-lər. Aktivləri qlobal birjalarda satılan əmtəələrdən (neft, qiymətli daşlar, xammal və s.) barətdir. Misal üçün, SPDR Gold Shares və US Natural Gas fodnları qızıl və ABŞ-da təbii qazın dəyər dinamikasın göstərir.
  5. İnvers ETF-lər. Bu fondlar aktivin qiymətinin artımından deyil, düşməsindən qazanan xüsusi kateqoriyadır. Misal üçün, əgər siz “Dow Jones Industrial” indeksinin aşağı düşəcəyinə inanırsınızsa, ProShares Short Dow30 (DOG) ETF-nin səhmini alırsınız. Dow hər dəfə 1 % itirəndə, DOG 1 % yüksəlir.
  6. Kriptovalyuta ETF-lər. Aktivləri müxtəlif rəqəmsal valyutalardan ibarət olan ETF fondlardır. İnvestorlar birbaş kriptovalyuta almadan onların qiymətinin qalxması və enməsindən qazanmaq imkanı əldə edirlər. Hazırda ən çox populyarlıq qazanan bitcoin və ethereum ETF-lərdir.

Yuxarıda qeyd etdiyim ETF növlərindən göründüyü kimi ETF fondlar son 5 il ərzində həm passiv gəlir əldə etmək, həm də aktiv ticarət etmək üçün əlverişli və populyar maliyyə alətinə çevrilməyi bacarıb. Forbs jurnalının araşdırmasına əsasən 2021-ci ilin ən populyar və likvid ETF-ləri aşağıdakılardır:

  • iShares MSCI USA Value Factor ETF (VLUE)
  • Vanguard Russell 1000 Value Index Fund ETF (VONV)
  • Invesco S&P 500 Revenue ETF (RWL)
  • Schwab Fundamental U.S. Large Company Index ETF (FNDX)
  • Invesco FTSE RAFI US 1000 ETF (PRF)
  • Vanguard Value Index Fund ETF (VTV)
  • Nuveen ESG ETF (NULV)

ETF, səhmlər və ya digər aktivlərdən (əmtəə, xammal, kriptovalyuta, istiqraz və s.) ibarət olan investisiya portfelidir. Odur ki, investisiya etməzdən əvvəl diqqətlə analiz etmək, daha likvid və fəaliyyət tarixçəsi minimum 3-4 il olan ETF-i seçmək lazımdır. ETF-lər haqqında daha ətraflı məlumatları aşağıdakı resurslardan əldə etmək mümkündür:

        Kiçik kapital ilə qlobal səhm bazarına investisiya etmək istəyirsinizsə və bunun üçün aydın strategiya və çoxşaxəli bir investisiya portfeli yaratmamısınızsa ETF fondlar sizin üçün ən optimal seçim olacaq. Bundan əlavə, ETF-ə investisiya etmək investoru qlobal maliyyə bazarı üzrə trendləri analiz etmək, mütamadi olaraq portfelin reinvestisya və rebalans edilməsi məsələləri ilə məşğul olmaq öhdəliyindən azad edir. Müxtəlif aktivlərdən ibarət olan investisiya portfeli riskləri minimumlaşdırmağa və stabil gəlir əldə etməyə imkan yaradır.

Müəllif:  Elnur Quliyev,

Crypto Consulting MMC / Direktor
Birgə İnvest MMC / Layihələr üzrə baş koordinator

Son xəbərlər
Digər xəbərlər