Etherium (ETH) dörd ilə yaxındır ilk dəfə rekord səviyyəyə yüksəlib. Buna ikinci ən böyük kriptovalyutaya tələbatın yenidən artması və onun tez-tez bitcoin-ə daha çevik alternativ kimi təqdim olunması səbəb olub. Ethereum blokçeyni minlərlə tətbiqi dəstəkləyir və kriptovalyuta üçün ən iri kommersiya magistralı hesab edilir. ETH-ə yönələn xəzinədarlıq şirkətləri də tokenin artımında mühüm rol oynamağa başlayıb.
Banker.az xəbər verir ki, ETH-nin qiyməti 15% artaraq 4 866,73 dollara çatıb və 2021-ci ilin noyabrında qeydə alınmış əvvəlki tarixi maksimumu — 4 866,40 dolları geridə qoyub. Cari ildə ETH-in qiyməti 40%-dən çox yüksəlib və Bitcoin-i geridə qoyub. Halbuki Bitcoin də ABŞ-da Donald Trampın seçkilərdə dəstəyi fonunda yeni zirvələrə qalxıb.
Hər iki aktivin yüksəlişi cümə günü FED sədri Cerom Pauellin Cekson-Houl iqtisadi simpoziumunda sentyabrda faiz dərəcələrinin azaldıla biləcəyi barədə açıqlamasından sonra sürətləndi. 14 avqustda Bitcoin 124 500 dolları keçərək yeni tarixi maksimumunu göstərib. Faizlərin azaldılması adətən investorları daha gəlirli və riskli aktivlərə — səhmlərə və kriptovalyutalara yönəldir.
“Pauellin açıqlamalarına kriptovalyuta bazarının reaksiyası sürətli və pozitiv oldu. Likvidliyin dəstəklədiyi hazırkı yüksəliş fonunda investorlar monetar yumşalma siqnallarına operativ cavab verirlər”- “Sygnum Bank”ın tədqiqat rəhbəri Katalin Tişhauzer bildirib.
Cari ildə ETH üzrə xəzinədarlıq əməliyyatları ilə məşğul olan şirkətlər də tokenin qiymət artımına ciddi töhfə veriblər. Publik şirkətlər, “Strategy Inc.”in Maykl Seylorunun nümunəsini izləyərək, rəqəmsal aktivlərini artırmağa çalışırlar. “StrategicEthReserve.xyz” məlumatına görə, bu cür şirkətlər artıq təxminən 17 milyard dollarlıq ETH alıblar.
Daha əvvəl Ethereum icması token qiymətini artıra bilmədiyi üçün tənqid edilirdi. Bu isə şəbəkəni biznes mühitində tanıtmaq məqsədilə “Etherealize” adlı yeni təşkilatın yaradılmasına və fond rəhbərliyinin yenilənməsinə gətirib çıxardı.
Ethereum hazırda maliyyə, oyun və digər sahələri əhatə edən minlərlə tətbiqi, həmçinin “Coinbase”in yaratdığı “Base” də daxil olmaqla 100-dən çox əlaqəli şəbəkəni dəstəkləyir. Bu ekosistem kriptovalyutaların ən iri kommersiya magistralı hesab olunur və getdikcə daha çox aktivlərin tokenləşdirilməsi (məsələn, pul bazarı fondları), eləcə də steyblkoinlərlə ödənişlər üçün istifadə edilir.
Bloomberg-in məlumatına əsasən, avqust ayında ABŞ-da spot ETH ETF-ləri 2,5 milyard dollardan çox xalis vəsait cəlb edib. Bu dövrdə isə bitcoin fondlarından 1,3 milyon dollarlıq vəsait çıxışı qeydə alınıb.