Yol polisi Bakıda rayon qeydiyyatı ilə nəqliyyat vasitəsi idarə edən sürücülərə qarşı tədbirlərə başlayıb. Oktyabrın 1-dən qüvvəyə minən qadağaya uyğun olaraq rayon qeydiyyat nişanlı maşınlar səhər 7-dən axşam 9-a qədər Bakı şəhərinin ərazisinə buraxılmır. Yol polisi Bakıda anadan olmuş şəxslərə də güzəşt etmir və avtomobil əgər paytaxt qeydiyyatında deyilsə, həmin nəqliyyat vasitəsinin şəhərdən çıxarılmasını tələb edir. Sürücülər isə Bakıda yaşadıqlarını, burada qeydiyyatda olduqlarını əsas gətirərək bu tələblə razılaşmırlar.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qadağa və yaranan narazılıqlarla bağlı “Yeni Müsavat”a açıqlama verib. Şöbə rəisi deyib ki, hazırda həyata keçirilən tədbirlərdən razılıq edənlərin sayı narazılardan dəfələrlə çoxdur: “Bakıda avtomobil idarə edən şəxslər nəqliyyat vasitələrini mütləq öz adlarına sənədləşdirməlidirlər. Yəni Bakı sakininin rayon qeydiyyatında olan nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsi artıq mümkün olmayacaq”.
K.Əliyev bildirib ki, Bakıya kənd təsərrüfatı malları daşıyan maşınlar işlərini məhdudiyyət tətbiq olunan saatlara qədər yekunlaşdırmalıdırlar: “Məhdudiyyət bazarlara yüklərin gətirilməsinə qarşı atılan addım deyil, paytaxtda nəqliyyat sıxlığının azaldılmasına hesablanıb. Bakıda 5 tona qədər olan Bakı qeydiyyatlı maşınlara paytaxt ərazisində hərəkətə heç bir məhdudiyyət qoyulmur”.
K.Əliyev eyni tonnajlı, lakin rayon qeydiyyat nişanlı maşınlara və digər nəqliyyat vasitələrinə səhər 7-dən axşam 9-a qədər Bakı şəhərinin ərazisinə girişin qadağan edildiyini söylədi. “Qadağa saatlarından əvvəl, məsələn, səhər 6-da Bakı şəhərinin ərazisinə daxil olan rayon qeydiyyat nişanlı nəqliyyat vasitələri qadağa saatlarında paytaxt ərazisində hərəkət edə bilərmi” sualına müsahibimiz belə cavab verdi: “Rayon qeydiyyat nişanlı nəqliyyat vasitələri qadağa saatlarında paytaxt ərazisində hərəkət edə bilməzlər. Belə nəqliyyat vasitələrinin sürücüləri işlərini elə qurmalıdırlar ki, qadağa saatlarına qədər Bakı şəhəri ərazisində işlərini görüb paytaxtı tərk etsinlər. Və ya gəldikləri ünvanların qarşısında nəqliyyat vasitələrini qoyub digər nəqliyyat vasitələrindən – avtobus, metro, taksidən istifadə etməlidirlər”.
Bəs rayon qeydiyyatında olan, lakin iş yeri Bakı şəhərinin ərazisində yerləşən, ayda 2-3 dəfə qeydiyyatda olduğu rayona gedən vətəndaşların aqibəti necə olacaq? Onlara da Bakı ərazisində şəxsi nəqliyyat vasitələrindən istifadəyə icazə veriləcəkmi?
DYP rəsmisi: “Rayon qeydiyyatında olan şəxsin nəqliyyat vasitəsi də sözsüz ki, rayon qeydiyyatında olacaq. Rayon maşınlarının şəhərə girişinə məhdudiyyət belə nəqliyyat vasitələrinə də tətbiq olunur”.
“Bakı qeydiyyatında olan şəxslər rayon qeydiyyatlı maşınlarını paytaxt ərazisində idarə edə bilərmi” sualına gəlincə, DYP rəsmisi dedi ki, vətəndaş maşını etibarnamə ilə almamalıdır: “Avtomobili öz adına keçirməlidir. Belədə avtomobil Bakı şəhərində olan nəqliyyat vasitəsi kimi qeydiyyatda olacaq. Maşın kimə məxsusdursa, onu öz adına rəsmiləşdirməlidir. Bakı sakininin rayon qeydiyyatı ilə avtomobil idarə etməsi artıq mümkün olmayacaq. Sürücü maşını öz adına keçirdikdə, həm də yeni nömrə almış olacaq və problem birdəfəlik həll ediləcək. Belə hallara tez-tez rast gəlinir”.
Görəsən, Bakıya rayon qeydiyyat nişanlı avtomobillərin girişinin qadağası tətbiq olunandan sonra hesablanıb ki, gün ərzində paytaxta nə qədər nəqliyyat vasitəsinin girişinin qarşısı alınır? K.Əliyev dedi ki, bununla bağlı konkret rəqəm yoxdur: “Amma şəhərin nəqliyyat sistemindəki yüklənmənin nə qədər azaldığını hər kəs görür. Yəni dünyanın bir çox ölkələrində belə qadağalar var. Bu gün şəhər daxilində nəqliyyat sıxlığının azalması nəzərəçarpacaq dərəcədə hiss olunur”.
DYP rəsmisi dedi ki, paytaxtdakı xəstəxanalara gələn, salonunda ahıl yaşda şəxslər olan rayon qeydiyyatlı maşınlara müəyyən istisnalar var: “Əgər rayon qeydiyyatlı nəqliyyat vasitəsinin salonunda Bakıdakı tibb ocaqlarına göndərişi, tibbi sənədləri olan şəxslər varsa, bu halda istisnalar da mövcuddur. Yəni bu məsələlər nəzərə alınır. Belə avtomobillərə güzəşt olunur.
Bu güzəştlər haqda paytaxt ərazisində xidmət aparan Yol Patrul Xidmətlərinin əməkdaşları, Bakının girişindəki postlarda xidmət aparan YPX işçilərinə müvafiq tapşırıqlar verilib. Rayon qeydiyyatlı maşınların içində xəstələr varsa, belə nəqliyyat vasitələri istisnasız paytaxt ərazisinə buraxılacaq”.
http://avtosfer.az/