Bank sistemində yaranan boşluqla bağlı indiyə kimi vətəndaşların kütləvi vəsaitlərinin oğurlanması halı ilə qarşılaşmamışıq.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Samir Rəsulov deyib.
O bildirib ki, ümumilikdə ETX-nin özəl sektor üzrə aşkarladığı boşluqlar var. Amma bu boşluqların realizasiya edilib vəsaitlərin oğurlanması ilə bağlı hər hansı fakt aşkarlanmayıb.
“Vətəndaş müraciət edir ki, o heç bir kod təqdim etmədiyi, mobil tətbiqdə heç bir əməliyyat aparmadığı halda onun bank kartından pul silinib. Amma yadından çıxıb ki, evdə lisenziyasız “Windows” istifadə etdiyi və heç bir antivirus yüklənilməyən kompyuterində elektron bankçılıqdan istifadə edib. Vəsait də buradan oğurlanıb. Vəsaitlərinin bank kartından oğurlanması ilə bağlı sosial şəbəkələrdə müəyyən paylaşımlar olur. Amma araşdırmalar zamanı məlum olur ki, bank kartlarından vəsaitlərin oğurlanması vətəndaşların diqqətsizliyi səbəbindən baş verir. Bəzi hallarda adi kibergigiyena qaydlarına diqqət edilmir” – ETX rəisi əlvə edib.
Ölkədaxili ödənişlərdə bəzi hallarda OTP kod göndərilmədən əməliyyatların baş tutmasına gəlincə, S.Rəsulov bildirib ki, vətəndaş bununla bağlı şikayət ünvanlaya bilər.