12 C
Baku
Saturday, November 23, 2024

Əvəzetmə və boş vəzifə üzrə əmək funksiyasının icrası zamanı əməkhaqqının ödənilməsi qaydası

Müvəqqəti əvəzetmə və boş vəzifə üzrə əmək funksiyasının icrası fərqli yanaşmadır və əməkhaqqının hesablanması Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu qaydaları təlimçi ekspert Aqil Ağayev izah edir.

Müvəqqəti əvəzetmə – müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasıdır.

Boş vəzifə üzrə əmək funksiyasının icrası – boş olan vəzifənin icrasıdır.

Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrası zamanı əməkhaqqının ödənilməsi Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən ödənilir. Həmin Məcəllənin 162-ci maddəsində müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi aşağıdakı kimi nəzərə alınır:

Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Misal 1: “AA” MMC-də böyük mühasib işləyən əməkdaş 06.02.2023-cü il tarixdən 10.02.2023-cü il tarixədək məzuniyyətə çıxan baş mühasibi müvəqqəti əvəz edib. Böyük mühasibin vəzifə əməkhaqqı 2000 manat, baş mühasibin vəzifə əməkhaqqı isə 2500 manatdır. 2023-cü ilin fevral ayında iş günü norması 20 iş günü olub. Buna əsasən, 06.02.2023-cü il tarixdən 10.02.2023-cü il tarixə kimi 5 iş günü olub. Bu halda müvəqqəti əvəzetməyə görə əməkhaqqının hesablanması aşağıdakı kimi olacaq:

(2500 – 2000) = 500 manat;
500 : 20 = 25 manat;
25 x 5 = 125 manat.

Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Misal 2: “AA” MMC-də baş mühasib işləyən əməkdaş 06.02.2023-cü il tarixdən 10.02.2023-cü il tarixədək məzuniyyətə çıxan böyük mühasibi müvəqqəti əvəz edib. Bu halda işçi və işəgötürən tərəfindən qarşılıqlı razılıq əsasında müvəqqəti əvəzetmə üçün əlavə ödəniş müəyyən edilir. Fərz edək ki, tərəflər müvəqqəti əvəz edilən vəzifənin tarif əməkhaqqının 30%-i məbləğində əlavə haqq ödənilməsi üçün razılaşıblar. Böyük mühasibin vəzifə əməkhaqqı 2000 manat, baş mühasibin vəzifə əməkhaqqı isə 2500 manatdır. 2023-cü ilin fevral ayında 20 iş günü olub. Buna əsasən, 06.02.2023-cü il tarixdən 10.02.2023-cü il tarixə kimi iş günlərinin sayı 5 olub. Bu halda müvəqqəti əvəzetməyə görə əməkhaqqının hesablanması aşağıdakı kimi olacaq:

(2000 : 20 x 5) x 30% =150 manat.

Boş vəzifə üzrə əmək funksiyasının icrası üçün əlavə əməkhaqqının hesablanması isə Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən tənzimlənir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əməkhaqqı ödənilməlidir.

Misal 3: “AA” MMC-də böyük mühasib işləyən əməkdaş 2023-cü ilin fevral ayı üzrə 20 iş günü boş vəzifə olan baş mühasibin əmək funksiyalarını icra edib. Baş mühasibin vəzifə əməkhaqqı 2500 manatdır. 2023-cü ilin fevral ayında iş günü norması 20 gün (160 saat) olub. Bunları nəzərə alaraq, boş vəzifə üçün ödəniləcək əməkhaqqının məbləği aşağıdakı qaydada hesablanacaq:

(2500 :160 x 160) x 50% =1250 manat.

Son xəbərlər
Digər xəbərlər