10 C
Baku
Tuesday, November 26, 2024

“Evangelist marketinq” nədir və kim tərəfindən yaradılıb?

Evangelizm – marketinqin “qulaqdan qulağa” şəklində genişlənən formasıdır. Bu zaman hər hansı bir şirkətin məhsul və yaxud xidmətinə qarşı böyük inama sahib olan evangelist müştəri digər potensial müştəri qismində olan şəxslərə həmin məhsulu almağı və yaxud xidmətdən yararlanmağı məsləhət görür. Belə müştərilər könüllü şəkildə brendin tanınmasında iştirak etmiş olur.

Bəzən marketinqdə evangelizm və partnyor marketinqi bir-biri ilə səhv salınır. Lakin unutmaq lazım deyil ki, partnyor proqramlar bu tanınmanı pul qarşılığında və yaxud məhsul qismində etməyə razıdırlar. Evangelist müştərilər isə yeni müştərilərə brend ilə bağlı məsləhətləri sırf həmin şirkətə olan inamlarından edirlər, qarşılığında heç bir təmənna olmadan. Müştərilərin evangelist məqsədləri digər insanlara fayda qazandırmaqdır.

Belə müştərilər fərdi şəkildə fəaliyyət göstərdiklərindən potensial müştərilərə daha çox təsir etmək imkanına sahibdirlər. Evangelist müştərilərin məsləhət qarşılığında heç bir gəlir əldə etməmələri və heç bir konkret şirkət ilə bağlı olmamaları onların məsləhətlərini digərləri üçün daha etibarlı edir.

Evangelizm yunan sözündən əmələ gəlib və “xoş xəbərlər vermək” kimi tərcümə edilir. Onun yaradıcısı isə bir çoxlarımızın yaxşı tanıdığı Guy Kawasaki hesab edilir.

Guy Sranford universitetində psixologiya üzrə bakalavr, həmçinin Kaliforniya universtetində MBA magistr dərəcəsinə sahibdir.

Onun otaq yoldaşı ona Apple şirkətində işləməyi təklif edir. Guy isə bu təklifə razılıq verməyinə görə peşman olmadı! 1984-cü ildə Macintosh kompüterinin marketinqinə məhz o cavabdeh idi. O öz işinin vurğunu idi və Apple texnikasının əsl fanatına çevrilir.

Guy Kawasaki yüksək texnologiya sahəsinə evangelizm konsepsiyasını gətirməsi ilə məşhurdur. Guy uzun illər boyunca bu konsepsiya sayəsində IT sənayesinin inkişafına təkan verdi. Hazırda demək olar ki, bütün nəhəng online-şirkətlərdə evangelist vəzifəsinə rast gəlmək mümkündür.

Hazırda o «Garage Technology Ventures» şirkətini idarə edir və məşhur Alltop portalının yaradıcılarından biridir.

Bəzi şirkətlər istehsal etdikləri məhsul və yaxud xidmət haqqında məlumatın yayılması üçün istifadəçi cəmiyyətləri təşkil edirlər. Məsələn, General Motors şirkətinin bir bölməsi olan Saturn hər il Tennessidə min alıcı üçün yay düşərgəsi təşkil edir.

Bütün dünya üzrə məşhur qəhvə şəbəkəsi olan Starbucks Corporation 2008-ci ildə istifadəçiləri üçün online cəmiyyət yaratdı. My Starbucks Idea müştərilərdən təklif və iradların toplanması üçün nəzərdə tutulub. Cəmiyyətin fəaliyyətə başladığı ilk il ərzində sayt vasitəsilə təqribən 70 min ideya təklif edilmişdi. Bu təkliflər nəticəsində isə 50-ə yaxın yenilik edilmişdir.

Son xəbərlər
Digər xəbərlər