7 C
Baku
Wednesday, November 6, 2024

Evlərin satışı zamanı hansı yeni güzəştlər tətbiq edilir?

Evini satan vətəndaşlara əldə etdikləri gəlirdən vergi ödənişi zamanı müəyyən güzəştlər tətbiq olunur.

Banker.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, güzəştlərlə bağlı qanunvericiliyin tələbini iqtisadçı -ekspert Anar Bayramov şərh edib.

Ekspert bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, vətəndaş tərəfindən yaşayış sahələri təqdim edildikdə üç güzəşt tətbiq edilir. Birincisi, evi sökülmüş vətəndaşa gələcəkdə əmlakın təqdim olunması zamanı fərqli yanaşmanın tətbiq edilməsidir. Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsinə əlavə edilən ikinci hissəyə əsasən, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq olunur: “Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir”.

A.Bayramovun sözlərinə görə, dəyişiklikdə məqsəd odur ki, uzun müddət bir ünvanda qeydiyyatda olan şəxsin evinin sökülməsi nəticəsində yeni ünvanda qeydiyyat tarixinin yenidən başlaması vətəndaşın ziyanına olardı. Çünki Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, vətəndaş tərəfindən daşınmaz əmlakın satılması zamanı güzəşt əldə etmək üçün fiziki şəxs azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olmalıdır.

Qeyd olunub ki, maddədə diqqət çəkən məqamlardan biri də, yaşayış sahəsinin sahəsi ilə bağlıdır. Vətəndaşın sökülən evdə yaşayış sahəsi 50 kvadrat metrdirsə, o zaman sökülmüş evinin əvəzində təqdim edilən evin 60 kvadratmetr (50 kvadrat metr (sökülən yaşayış sahəsi) -10 kvadratmetr (sökülən sahənin 20 faizi həcmində artıq sahə)) sahəsi qədər güzəşt tətbiq edilir.

Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, vətəndaş tərəfindən daşınmaz əmlakın satılması zamanı fiziki şəxsin azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda ona güzəşt tətbiq edilir. Vergi qanunvericiliyinə görə, fiziki şəxs qeydiyyatda olmasa da, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlərə malikdir. Bu halda fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsinin olması şərtinə diqqət yetiriləcək. Əgər hər iki şərt ödənilərsə, o zaman yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi üzrə güzəşt tətbiq olunur.

Son xəbərlər
Digər xəbərlər