Əvvəllər ev alıb-satan zaman verilən behə görə heç bir sənəd tələb olunmurdu. Bu isə bir çox hallarda pul verən tərəf üçün problemlərə səbəb ola bilirdi. Bunun kimi problemlərin qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur. Bu dəyişiklik daha nələri ehtiva edir?
Ev alqı-satqısı zamanı verilən beh notarial qaydada təsdiqlənəcək. Bu, evlərin alqı-satqısı prosedurunun dəyişməsi ilə mümkün olacaq.
Artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu məsələ müzakirə olunub və Mülki Məcəlləyə təklif olunan müvafiq dəyişiklik parlamentin plenar iclasına tövsiyə edilib.
Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, bu dəyişikliyin qəbulu beh alan şəxsin məsuliyyətini daha çox artıracaq. Çünki bir çox hallarda ev alqı-satqısı zamanı problemi beh alan tərəf yaradır.
Ekspert bildirib ki, dəyişiklik qəbul olunsa, bu kimi problemlər də aradan qalxacaq.
R.Osmanlının fikrincə, qanuna dəyişiklik qəbul olunsa, beh müqavilələrinin imzalanmasına görə ödənməli olan rüsumlara da yenidən baxılmalıdır. Çünki alqı-satqı zamanı ev satan tərəf bəzi rüsumlar ödəyir. Bir də behə görə ödənəcək məbləğ bura əlavə olunsa, onun xərcləri artacaq. Ona görə ev alqı-satqısı zamanı ödənəcək rüsumların azaldılması istiqamətində də addımlar atılmalıdır.