15 C
Baku
Saturday, November 2, 2024

Evlərin və maşınların dollarla satışı qadağandır

Mülki Məcəllənin tələbinə görə, malların qiymətləri manatla göstərilməlidir. Amma malların dollarla təklif olunmasına görə heç kəs məsuliyyət daşımır.

Qanunvericilikdə kifayət qədər boşluqlar var ki, çoxları bundan istifadə edir və heç kəs məsuliyyət daşımır. Sputnik-ə malların və xidmətlərin qiymətlərinin dollarla göstərilməsini şərh edən AR Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov belə deyib.

2015-ci il mayın 15-də qüvvəyə minmiş “Reklam haqqında” qanunun 4-cü maddəsinin (Reklama dair tələblər) 4.9 bəndinə əsasən reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir.

Həsənovun sözlərinə görə, “Reklam haqqında” qanunda yazılıb ki, bütün məhsulların qiymətləri milli valyutada göstərilməlidir: “Amma bu tələbin pozulmasına görə qanunvericilikdə heç bir cəza da nəzərdə tutulmayıb”.

Vəkil qeyd edib ki, Azərbaycanda “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” qanun da fəaliyyət göstərir. “Bu qanunun istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququnu ifadə edən 13-cü maddəsində göstərilib ki, satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir. Lakin son zamanlar bir çox sahibkarlar manatın dəyərini itirməsi ilə əlaqədar olaraq qiymətləri dollarla göstərirlər. Onları başa düşmək mümkündür. Çünki onlar xaricdən mal alarkən onu hissə-hissə, kreditlə əldə edirlər ki, onu da dollarla ödəmək lazım gəlir” – deyə Həsənov vurğulayıb.

Onun fikrincə, Mərkəzi Bank kifayət edəcək həcmdə dollar satmayınca, satıcılar çox çətin vəziyyətdə qalacaqlar: “Ona görə də, onlar qiymətləri hər gün dəyişmək məcburiyyətindədirlər. Amma bütün bunlar qüvvədə olan qanunvericiliyin tələblərini yerinə yetirməməyə haqq qazandırmır”. Vəkil bildirib ki, hətta daşınmaz əmlakın və avtomobilin belə alqı-satqısı zamanı razılaşma dollarla olsa da, pulun ödənişi manatla həyata keçirilməlidir.

“Satıcı öz mühasibat sənədlərində göstərir ki, o, əməliyyatı dollarla deyil, manatla edib. Konstitusiyaya görə, Azərbaycanın pul vahidi manatdır. Buna görə də, qanunsuz valyuta ödəmələrinin həyata keçirildiyi məlum olanda və alqı-satqının xarici valyuta ilə aparıldığı göstəriləndə, valyuta qanunvericiliyinin pozulmasına görə, iri məbləğdə cərimələr tətbiq edilməlidir” – deyə ekspert bildirib.

AR Mülki Məcəlləsinin 439-cu maddəsində göstərilir ki, təkcə ödənişlər deyil, malların qiyməti və xidmətlər də milli valyuta ilə ifadə olunmalıdır. “Bəzən tərəflər müqavilədə göstərirlər ki, qiymət, tutaq ki, 1000 dollardır, amma ödəniş filan bankın, yaxud da Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla həyata keçirilir. Bu da qanunsuzdur. AR MM-nə əsasən hətta qiymətlər də milli valyuta ilə ifadə olunmalıdır. Yalnız o halda istisna ola bilər ki, tərəflərdən biri xarici hüquqi şəxs olsun. Əgər tərəflərdən hər ikisi Azərbaycan vətəndaşıdırsa, onlar qiymətləri xarici valyutada göstərə bilməzlər” – deyə ekspert bildirib.

Daşınmaz əmlakın, avtomobillərin və digərlərinin saytlarda və s. satış elanına gəlincə Həsənov qeyd edib ki, bu, reklam yox, təklifdir. AR MM-nə əsasən də bu, müqavilə bağlamaq təklifidir. Faktiki olaraq, satıcı öz qiymətlərini elan edir, sadəcə o bunu açıq şəkildə bildirir. Bu isə reklam deyil, sadəcə satış haqqında elandır. Bu elanda da qiymətlər milli valyuta ilə göstərilməlidir. Bu tələb də AR MM-in 439-cu maddəsində göstərilir. Mənzillərin və avtomobillərin satışı barədə dollarla elan verən şəxslər və onların elanlarını yayan internet saytların sahibləri məsuliyyət daşımırlar.

“Bu, bizim qanunvericilikdə tənzimlənmir və heç yerdə onlarla bağlı tələb yoxdur. Bu da maraqlı məqamdır ki, belə hallar heç bir şəkildə məsuliyyət yaratmır. Amma qanunda müqavilədə qiymətin göstərilməsinə dair məsuliyyət nəzərdə tutulur. Nə qədər ki, bu məsələlər qanunla tənzimlənməyib, bizdə heç kəs buna görə məsuliyyət daşımır” – deyə AR Vəkillər Kollegiyasının üzvü əlavə edib.

Son xəbərlər
Digər xəbərlər