Daşınmaz əmlakla bağlı qərar imzalanıb. Bununla da daşınmaz əmlakın qeydiyyatı zamanı ən çox rast gəlinən maneələrdən biri aradan qalxıb.
İndiyə qədər vətəndaşın təqdim etdiyi sənədlə torpağın kadastr məlumatları arasında kiçik bir uyğunsuzluq olduqda, proses dayandırılır və vətəndaş aylarla məhkəmə və ya digər qurumlarda vaxt itirirdi.
Yeni qaydaya əsasən, əgər sənədlərdə torpağın təyinatı fərqli göstərilibsə, qeydiyyat orqanı 15 iş günü müddətində yerquruluşu sənədlərini təhlil edərək araşdırma aparacaq. Əgər məlumatların doğruluğu təsdiqlənərsə, əmlak qeydiyyata alınacaq və kadastrda lazımi düzəlişlər elə dövlət tərəfindən ediləcək.
Qiymətləndiriclər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc bildirib ki, bu addım həm də ölkə üzrə illərdir həllini gözləyən sənədsiz evlər probleminin həlli üçün bir keçid mərhələsi hesab olunur. Çünki hazırda sənədləşdirilməyən xeyli sayda fərdi yaşayış evi məhz torpağın kateqoriyasındakı uyğunsuzluqlar səbəbindən müəmmalı statusda qalıb.
Qeyd edək ki, qərar artıq qüvvəyə minib. Bu isə o deməkdir ki, vətəndaşların sənəd toplamaq və ya texniki xətalara görə imtina almaq yükü xeyli azalacaq.







