Azərbaycanda böyük tikinti şirkətlərindən biri Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC 2024-cü il üzrə xalis mənfəəti öncəki illə müqayisədə 34% artaraq 15 milyon 785 min manat təşkil edib. 2023-cü ildə bu göstərici 11 milyon 775 min manat idi.
Banker.az xəbər verir ki, bölüşdürülməmiş mənfəər 1 yanvar 2025-ci ildə 1 milyon 776 min manata yüksəlib.
“EVRASCON”un əsas əməliyyat gəlirləri hesabat müddətində 38% artaraq 260 milyon 810 min manata çatıb. Bu artımla yanaşı, satışın maya dəyəri də 39% yüksələrək 238 milyon 847 min manat olub.
Nəticədə ümumi mənfəət 21 milyon 962 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 33.9% çoxdur.
Əməliyyat xərclərinə nəzər saldıqda isə, “EVRASCON”un inzibati xərclərin 54.9% artaraq 1 milyon 868 min manata yüksəldiyi, sair əməliyyat xərclərinin isə 6.9% azalaraq 1 milyon 836 min manat olduğu müşahidə olunur.
Xatırladaq ki, “EVRASCON” 1968-ci ildə Bakıda SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında “Mostootryad-100” adı ilə yaradılmış tikinti müəssisəsinin bazasında 2001-ci ildə “Azərkörpü” adı ilə təşkil edilib, 2003-cü ildə rebrendinq edib, hazırda Azərbaycanın aparıcı inşaat şirkətidir.
Şirkətin 377290 manat nizamnamə kapitalı var. “EVRASCON” ASC-nin səhmdar strukturuna görə İsmayıl-Əfəndi İsmiyev təxminən 51% paya sahibdir, ona məxsus olan “HydroTrans Proekt” LLC şirkəti vasitəsilə əlavə olaraq təxminən 17% pay nəzarətdə saxlanılır, qalan təxminən 32% pay isə 125 müxtəlif fiziki şəxs arasında bölünür.





