26 C
Baku
Tuesday, May 28, 2024

Əvvəllər 1 manata satılırdı, indi 40 qəpiyə qədər ucuzlaşıb – fermerlər narazıdır

Cəlilabad rayonunda üzümün satış qiyməti aşağı düşüb.

Bu barədə bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, bu il rayonda havalar əlverişsiz keçsə də, məhsuldarlıq kifayət qədər yüksək olub. Amma buna baxmayaraq, məhsulun ucuzlaşması sahibkarları çətin vəziyyətə salıb.

Fermerlər deyir ki, əvvəllər məhsulun satış qiyməti 1 manat idisə, indi bu məbləğ 40 qəpiyə qədər enib.

Onlar məhsulu uzun müddət bağlarda saxlamağın mümkün olmadığını bildiriblər. Üzümün yetişdikdən sonra təcili yığılmalı olduğunu söyləyən fermerlər deyir ki, buna görə də məhsulu dəyər-dəyməz qiymətə satmağa məcbur olurlar:

“Məhsulun keyfiyyətli olması üçün kifayət qədər əziyyət çəksək də, bu isə əkindən yığıma qədər sərf olunan xərcləri ödəmir. Ucuzlaşmanın davam etməsi isə gələcəkdə üzüm bağlarının sayını azalda bilər”.

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Əhmədağa Məmmədov üzümün yeni sortlarını yetişdirməyin zəruriliyini bildirib. Onun sözlərinə görə, üzüm sahələrinə qoyulan kapitalın azaldılması üçün yeni sortların əkininə keçmək lazımdır: “Keyfiyyətli məhsul böyük zəhmət tələb edir, zəhmət isə maliyyə imkanlarından keçir. Bu zəhmətin və qoyulan maliyyənin isə qarşılığı mütənasib deyil”.

Qeyd edək ki, bu il rayonda 1453 hektar ərazidə üzüm əkini həyata keçirilib və bu günə qədər 1300 ton süfrə üzümünün yığımı aparılıb. Yığım prosesi gələn ay yekunlaşacaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər