17 C
Baku
Wednesday, May 21, 2025

Əvvəl Məhsul Sahibi yox idi, nə baş verirdi?

Məhsulun sahibi yoxdursa, qərar kimindir?

Məhsul sahibi – Product Owner (PO) anlayışı hələ formalaşmamış dövrdə məhsul inkişafında qərarların sahibi bəlli deyildi. Layihə rəhbərləri, texniki menecerlər, satış komandası və bəzən hətta rəhbərlik belə məhsula dair fərqli-fərqli istəklərlə çıxış edirdi. Bu isə prioritetlərin qarışmasına, qeyri-müəyyənliyə və ziddiyyətli tapşırıqlara səbəb olurdu.

Məhsulun yönü tez-tez dəyişirdi

Aydın sahiblik olmadıqda məhsulun istiqaməti hər kəsin fikrinə görə dəyişə bilirdi. Komandalar bu gün bir xüsusiyyət üzərində işləyir, sabah isə onun əksini edən başqa bir xüsusiyyətə yönəlirdi.

Müştəri ehtiyacı deyil, daxili intuisiya rəhbər idi

PO rolu olmadan müştərinin səsi çox zaman boğulurdu. Daxili təxminlər və fərziyyələrlə qərarlar verilirdi. İstifadəçi ilə empatiya qurmaq, ehtiyacları anlamaq və data əsasında qərar vermək nadir hallarda baş verirdi. Nəticədə, yaradılan məhsullar real istifadəçinin problemini həll etmirdi.

Texniki komanda strateji qərarlarla yüklənirdi

PO olmadıqda, komandanın strateji qərarlarla bağlı yükü artırdı. Proqramçılar həm texniki, həm də biznes qərarları verməli olurdu. Bu isə onların əsas diqqətini – texniki keyfiyyəti – zəiflədirdi. Həmçinin, biznes dəyəri barədə səhv qərarlar verilməyə başlanırdı.

Prioritetləşdirmə yox idi – hər şey vacib idi

PO prioritetləri təyin etmədikdə, hər kəs öz funksiyasına görə “ən vacib” məsələni önə çəkirdi. Bu isə komandanı paralel tapşırıqlarla yükləyir, fokusun dağılmasına və məhsulun ləng inkişafına səbəb olurdu.

Dəyərləndirmə və geribildirim mexanizmləri zəif idi

PO yoxdursa, məhsulun performansı, istifadəçi rəyi və bazar reaksiyası kimi göstəricilər kənarda qalır. Ölçmək, təhlil etmək və nəticəyə əsaslanmaq yerinə, sadəcə “işin görülməsi” əsas meyar sayılırdı. Bu da davamlı təkmilləşmənin qarşısını alırdı.

Bazarla uyğunlaşma çətin idi

PO rolu bazarın səsini komandaya çatdırmaq üçün körpü rolunu oynayır. Bu rol olmadıqda, bazar dəyişir, amma məhsul olduğu kimi qalır. Çünki komandaya bunu xəbər verən, uyğunlaşmanı yönəldən bir nəfər yoxdur. Beləliklə, məhsul bazardan geri qalır və rəqabət gücünü itirir.

Niyə PO vacibdir?

Bugünkü çevik metodologiyalarda Product Owner təkcə “prioritet təyin edən” deyil, həm də vizyon yaradan, komandanı istiqamətləndirən, istifadəçi ilə empatiya quran, bazarla əlaqəni quran və dəyəri maksimize edən şəxsdir. PO yoxdursa, məhsulun ruhu da yoxdur.

Toğrul Xəlilov, MPay şirkəti, Məhsul sahibi

Son xəbərlər
Digər xəbərlər