Bakı Apellyasiya Məhkəməsində Astara rayon sakinləri Qadir Kərimov və Valeh Babayevin CM-nin 204.2-ci (satış məqsədi ilə xeyli miqdarda və ya əvvəllər saxta və ya qiymətli kağızlar hazırlama və satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Banker.az Oxu.aza istinadən xəbər verir ki, 2014-cü ilin dekabrın 18-də Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Qadir Kərimovu və əvvəllər məhkum olunan Valeh Babayevi şübhəli şəxs qismində saxlayıblar. Tutularkən Qadir Kərimovdan 250.000 rubl saxta əskinas götürülüb.
İstintaqın gedişatında onların, noyabrın 23-də 28 May küçəsində yerləşən “Standart Bank”a məxsus valyutadəyişmə məntəqəsinə gələrək, orada işləyən Fərid Məmmədova 250.000 rubl saxta əskinas verib, sonuncudan 3075 manat almaları müəyyən edilib. Şübhəli şəxslər uzaqlaşandan sonra məntəqə əməkdaşı başa düşüb ki, dəyişdirilən əskinazlar saxtadır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Valeh Babayev 9 il, Qadir Kərimov isə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.
Hökmdən məhkum Q.Kərimovun vəkili apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.








