“Exxon”, “Shell” və “Total” rəhbərləri neftin $100-a qalxacağını proqnozlaşdırıblar

Dünyanın bir neçə böyük neft şirkətinin rəhbərləri neft qiymətlərinin artmağa davam edəcəyini və bir barel üçün 100 dollar səviyyəsinə qayıdacağını hesab edirlər, çünki neft və qaz sənayesinə az investisiya qoyulması gələcəkdə xammal tədarükünün azalmasına gətirib çıxaracaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Exxon” şirkətinin rəhbəri Darren Vudsun sözlərinə görə, neft və qaz sənayesinə sərmayə qoyuluşunun olmaması növbəti illərdə tələb və təklif arasındakı boşluğu daha da artıracaq. Bu o deməkdir ki, qısamüddətli perspektivdə neftin bahalaşması ən çox ehtimal olunan ssenaridir.

“Royal Dutch Shell” və “TotalEnergies” (keçmiş “Total”) rəhbərləri treyderlər və banklarla birlikdə neftin 100 dollara qədər yüksələcəyini proqnozlaşdırırlar. “100 dollara çatma şansı var, lakin önümüzdəki illərdə yenidən aşağı qiymətlər görəcəyik”, – deyə “TotalEnergies” şirkətinin rəhbəri Patrik Puyann qeyd edib. “Biz qeyri-müəyyənliyə alışmışıq”, – deyə mütəxəssis söyləyib.

Qeyd edək ki, “Bank of America” və “Goldman Sachs” da neftin qiymətinin 100 dollara qalxacağını proqnoz ediblər. Məsələn, “BofA”nın analitikləri növbəti ildə tələbin təklifi üstələyəcəyini və gündə 100.18 milyon barel təşkil edəcəyini bildiriblər. Nəticədə 2022-ci ildə neftin qiyməti bir barel üçün 100 dollara qalxa bilər.

İlin əvvəlindən bəri “Brent” markalı neftin qiyməti 47% artıb və 75 dollar səviyyəsini keçib. Bu, son iki ildə maksimum göstəricidir. Dünyada peyvəndlərin çoxalması sayəsində yanacağa tələbat da artmaqdadır. Belə ki, peyvənd olunmuş insanlar ölkə daxilində (və xaricində) sərbəst hərəkət edə bilirlər, nəticədə daha çox yanacaq xərcləyirlər. Bununla yanaşı, kütləvi vaksinasiya turizm sənayesinin bərpa olmasına təsir göstərir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.