9 C
Baku
Thursday, December 12, 2024

“Exxon” Şimal dənizindəki paylarının satışını bərpa etməyə hazırlaşır

Dünyanın ən böyük neft-qaz şirkətlərindən biri sayılan ABŞ-ın “ExxonMobil” şirkəti aşağı neft qiymətləri dövründən sonra və COVID-19 pandemiyası fonunda Şimal dənizindəki paylarının satış prosesinin bərpasına hazırlaşır.

Bu barədə “Reuters”ə neft-qaz və bank sektorlarına yaxın olan etibarlı mənbələr bildirib.

Ötən ilin sonlarında planlaşdırılan payların satışı neft qiymətlərinin azalmasından sonra əvvəlcədən proqnozlaşdırılandan daha aşağı qiymətə həyata keçiriləcəyi gözlənilir. Hazırda şirkət potensial alıcılarla danışıqlar aparır və bazarda marağın öyrənilməsi ilə məşğuldur.

Mənbələrin məlumatına görə, sərfəli təkliflərin olmadığı təqdirdə “Exxon”nun satış prosesinə rəsmi olaraq başlaması ehtimalı azdır.

Qeyd edək ki, bundan əvvəl şirkət Azərbaycandakı aktivlərinin (“Azəri-Çıraq-Günəşli” (AÇG yataqlar bloku və Bakı-Tbilisi Ceyhan (BTC) neft boru kəməri) satış prosesini bərpa edib. Bununla bağlı olaraq şirkət bazarda marağın öyrənilməsi prosesinə başlayıb. “ExxonMobil” Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” neft-qaz yataqları blokunda 6,79%-lik paya, “BTC Co.”da isə 2,5%-lik paya malikdir.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG(SOCAR) – 25,00%, “MOL” – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər