Muzdlu işçi cəlb etmədən fərdi qaydada bərbər fəaliyyəti göstərən fiziki şəxs vergi ödəyicisinin öhdəlikləri hansılardır? Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərində bərbər fəaliyyəti üzrə ödənilməli məbləğ 60 manat təşkil edir.
– sadələşdirilmiş verginin məbləği 30 manat;
– məcburi dövlət sosial sığorta haqqının məbləği 18 manat;
– icbari tibbi sığorta haqqının məbləği 12 manat.
Sadələşdirilmiş vergi üzrə sabit aylıq vergi məbləği 15 manat təşkil edir və fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri olduqda həmin məbləğə 2 əmsal tətbiq edilir;
Məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının (hazırda bu məbləğ 300 manat təşkil edir) 3% miqdarında olmaqla hesablanır və həmin məbləğə fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri olduqda 2 əmsal tətbiq edilir;
İcbari tibbi sığorta haqqı minimum aylıq əməkhaqqının 4 faizi (hazırda 12 manat) miqdarında olmaqla hesablanır.
Vergi ödəyicisi “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.
Fəaliyyətin göstərilib-göstərilməməsindən asılı olmayaraq ödənilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları ilə əvəzləşdirilmir.