Muzdlu işçi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərən fiziki şəxslərin bir qrupu sabit məbləğdə sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınır. Onların vergi və sosial öhdəlikləri ilə bağlı məsələləri “vergiler.az”a “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Ramin Mahmudzadə şərh edib.
Vergi Məcəlləsinin 16.1.7-1-ci maddəsinə əsasən, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərinin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirilməsi vergi ödəyicisinin vəzifələrinə aid edilib. Həmin fəaliyyət növləri bunlardır:
– toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlər;
– fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət;
– çəkməçi, pinəçi;
– saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri;
– fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant);
– nəqqaşlıq emalatxanalarının fəaliyyəti;
– fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər;
– Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər.
Qeyd edilən fəaliyyət növləri ilə muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan vergi ödəyiciləri, Vergı Məcəlləsinin 218.4.4-cü maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyiciləridir və sadələşdirilmiş vergini bu Məcəllənin 221.8-ci maddəsinə əsasən hesablayıb dövlət büdcəsinə ödəyirlər. Göstərilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər. eyni zamanda, “Sosial sığorta haqqında” qanunun 14.5.1-1 maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqının bu fəaliyyət növləri üçün müəyyən edilən faiz dərəcələrinə vurulmaqla sosial sığorta haqqını hesablayıb ödəməlidirlər.
“Tibbi sığorta haqqında” qanunun 15-2.2.2 maddəsində nəzərdə tutulmuş şəxslər sığortalı qismində özləri çıxış edir və bu səbəbdən Vergı Məcəlləsinin 220.10-cu maddəsində qeyd edilən şəxslər həm də icbari tibbi sığorta haqqının ödəyiciləridir və minimum aylıq əməkhaqınnın 4%-i həcmində sığorta haqqını hesablayıb ödəməlidirlər.
Misal 1: Yardımlı rayonunda qeydiyyatda olan fiziki şəxs Bakı şəhərində fərdi qaydada fotoqraf işləyir. Bu zaman sadələşdirilmiş vergi fiziki şəxsin qeydiyyatda olduğu əraziyə görə deyil, fəaliyyətini faktiki həyata keçirdiyi əraziyə uyğun hesablanacaq (Vergi Məcəlləsinin 221.8.2-ci maddəsi).
Bakı şəhərində sabit vergi məbləği 15 manat, əmsal 2-dir. Beləliklə,
Sadələşdirilmiş vergi – 15×2 =30 manat,
MDSS – 300×3%x2 = 18 manat,
İTS – 300×4% = 12 manat,
cəmi: 60 manat.
Göründüyü kimi, fərdi qaydada fotoqraf fəaliyyəti ilə məşğul olan fiziki şəxs rayon qeydiyyatında olduğuna baxmayaraq aylıq sabit vergi və sosial ödənişləri Bakı şəhəri üçün müəyyən edilmiş əmsallar əsasında hesablamalıdır.
Vergi ödəyicilərini maraqlandıran digər bir sual isə ondan ibarətdir ki, muzdlu işçi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərən vergi ödəyicisi eyni dövrdə bir neçə ərazidə fəaliyyət göstərərsə, onun vergi və sosial öhdəlikləri necə hesablanacaq?
Vergi Məcəlləsinin 221.8.2-ci maddəsində qeyd edildiyi kimi, fiziki şəxs eyni dövrdə bir neçə ərazidə fəaliyyət göstərərsə, bu zaman ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləği hesablanıb ödənilməlidir.
Misal 2: Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan fiziki şəxs eyni dövrdə həm Yardımlı rayonunda, həm Gəncə, həm də Bakı şəhərində fəaliyyət göstərir. Bu halda vergi və sosial ödənişlərin hesablanması aşağıdakı kimi olacaqdır:
Yardımlı
Sadələşdirilmiş vergi – 15×0,5=7,5 manat,
MDSS – 300×3%x1= 9 manat,
İTS – 300 x 4% = 12 manat,
Cəmi: 28,5 manat.
Gəncə
Sadələşdirilmiş Vergi – 15×1,5 = 22,5 manat,
MDSS – 300 x3%x1 = 9 manat,
İTS – 300×4 % = 12 manat,
cəmi: 43,5 manat.
Bakı
Sadələşdirilmiş vergi – 15×2 = 30 manat,
MDSS – 300×3%x2 = 18 manat,
İTS – 300×4% = 12 manat,
cəmi: 60 manat.
Yuxarıdakı nümunələrdən də göründüyü kimi, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin fəaliyyət göstərdiyi ərazilər içərisində ən yüksək əmsal Bakı şəhərinə aiddir və həmin vergi ödəyicisi Vergı Məcəlləsinin 221.8.2-ci maddəsini əsas götürərək Bakı şəhəri üçün müəyyən edilmiş əmsal əsasında hesablanan sabit vergi məbləğini ödəməlidir.
Muzdlu içşi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərən fiziki şəxs “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzi” almadan bu Məcəllənin 220.10-cu maddəsində qeyd edilən fəaliyyət növləri ilə məşğul olarsa, öz öhdəliklərini yerinə yetirmədiyi halda həmin şəxsə Vergı Məcəlləsinin 58.12-ci maddəsində göstərilən maliyyə sanksiyaları tətbiq edilir.
Nəzərinizə çatdırım ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinə nəzarət Vergı Məcəlləsinin 50.1.10-cu maddəsinə əsasən operativ vergi nəzarəti tədbirləri çərçivəsində həyata keçirilir.